Bütün dünyanı cənginə alan koronavirus pandemiyasından ən çox təsirlənən sektorlardan biri də kinematoqrafiya sahəsi olub.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, yaxın vaxtlarda nümayişi gözlənilən bir sıra Hollivud filmlərinin premyerası təxirə salınıb.
Belə ki, superqəhrəman janrında olan "Wonder Woman"ın premyerası iyunun 5-dən avqustun 14-nə, Skarlett Yohannsonun baş rolda olduğu "Black Widow" mayın 11-dən noyabrın 22-nə, baş rolda Tom Kruzun olduğu "Top Gun: Maverick" iyunun 24-dən dekabrın 23-nə, bondiananın yeni filmi olan "No Time To Die" isə aprelin 10-dan noyabrın 25-nə ertələnib.
Bundan başqa, "Marvel"in "Doctor Strange in the Multiverse of Madness" filminin mavi ekranlarda nümayişi 2021-ci il mayın 7-dən noyabrın 5-nə, macəra janrlı "Jungle Cruise" bu il iyulun 24-dən 2021-ci il iyulun 30-na, fantastik komediya janrında olan "Ghostbusters: Afterlife" iyulun 10-dan gələn il martın 5-nə, "Minions: Rise of Gru" iyulun 3-dən 2021-ci il iyulun 2-nə, baş qəhrəmanı Ford Harrisonun olduğu "Indiana Jones: 5" 2021-ci il iyulun 9-dan 2022-ci il iyulun 29-na, "Thor: Love and Thunder" 2021-ci il noyabrın 5-dən 2022-ci il fevralın 18-nə təxirə düşüb.