“ABAD” publik hüquqi şəxsin İçərişəhər etno-butikində qurumun yaradılmasının beşinci ildönümünə həsr olunan “V mövsüm” adlı sərgiyə start verilib.
"Report" xəbər verir ki, sərgidə təqdim olunan eksponatların bir çoxu ilk dəfə nümayiş etdirilir.
Eksponatlar “ABAD”ın beş illik fəaliyyətini, Nizami Gəncəvi ilini, Qarabağa qayıdışı və Azərbaycana xas olan dekorativ-tətbiqi xalq sənətkarlığını özündə təcəssüm edir.
"ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev jurnalistlərə açıqlamasında bildirib, ki, “ABAD” pilot layihə olaraq fəaliyyətə Masallı rayonunda 7 təssərüfatçı ailə ilə başlayıb və bu günə kimi 487 ailəyə dəstək göstərib: "Hazırda onlardan 420-si (334 sənətkar, 79 qida, 5 digər və 1 gigiyenik vasitə) ilə əməkdaşlıq davam etdirilir. “ABAD”çılarla həyata keçirilmiş kommersiya fəaliyyəti nəticəsində onların minlərlə çeşiddə sənətkarlıq, kənd təsərrüfatı və digər müxtəlif növ məhsulları satışa çıxarılıb".
Direktor qeyd edib ki, ötən dövr ərzində “ABAD” iri şirkətlər və donor təşkilatların korporativ sosial təşəbbüslərinin icrası üçün alternativ alətə çevrilə bilib: "Əldə etdiyi qrantlar hesabına “ABAD” istehsal mərhələsinə qədəm qoymuş “ABAD”çıların 5,3 milyon manat dəyərində məhsulunun satışını həyata keçirib".
R.Elçiyev vurğulayıb ki, ötən müddət ərzində “ABAD” öz fəaliyyətini altı regional mərkəz, 10 etno-butik, iki keramika və tətbiqi sənət mərkəzi, müxtəlif marketlər şəbəkələrində təşkil edilmiş 24 “ABAD” bakaleyaları və stendləri, 22 ədəd istehsal konteyneri, iki “ABAD Factory” və iki "ABAD" Məktəb vasitəsilə həyata keçirib.
Sərgidə nümayiş olunan ekspozisiyalar “ABAD”çı və məşhur rəssamlar Mir Teymur Məmmədov, Gülnarə Mahmud, Esmira Rəhimli, Fərid Nəcəfov, Elmira Hacıyeva, İlham Səfərli, Natalya Zeynalova, Ruslan Hüseynov və Fuad Cəbrayılova aiddir.
Qeyd edək ki, “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.