Bakı. 13 oktyabr. REPORT.AZ/ Oktyabrın 31-də Heydər Əliyev Sarayında Arif Məlikovun mahnılarından ibarət konsert keçiriləcək.
Saraydan “Report”a verilən məlumata görə, konsertdə xalq artistləri - Brilliant Dadaşova, Samir Cəfərov, Gülyanaq Məmmədova, Əməkdar artistlər - Ramil Qasımov, Tünzalə Ağayeva, Teymur Əmrah, Abbas Bağırov, Lalə Məmmədova, Zakir Əliyev, İnara Babayeva, Ehtiram Hüseynov, Afaq Abbasova, Xəyyam Mustafazadə, tanınmış müğənnilər - Nadir Qafarzadə, Taleh Yahyayev, Zamiq Hüseynov, Fərid Əliyev, Səbinə Ərəbli, Sərxan Bünyatzadə, Aytən Məhərrəmova, Aqil Rzayev, Kamilə Nəbiyeva, Nisbət Sədrayeva, Nigar Şabanova, Emiliya Yaqubova və başqaları iştirak edəcəklər.
İfaçıları Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına Estrada Simfonik Orkestri və “Qaytağı” instrumental ansamblı müşayiət edəcək.
Konsertdə Arif Məlikovun unudulmaz və təkrarsız bəstələri - “Azərbaycan”, “Güllərim”, “Dənizdə ay çiməndə”, “Gözlərimin dünyası”, “Gəl bizim dağlara”, “İnandım”, “Sən Əslisən, mən Kərəm”, “Şirin qızım”, “Qonaq gəl bizə”, “Dənizə baxıram”, Günəş ürəkli” və digər mahnıları səsləndiriləcək.
Qeyd edək ki, Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakıda anadan olub. O, 1960-cı ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Arif Məlikov baletləri, kantataları, operettaları, müxtəlif janrlı kamera - instrumental əsərləri, xalq çalğı alətləri orkestri üçün süitaları, romans və mahnıları, film və tamaşalara musiqiləri ilə milli musiqi xəzinəmizi zənginləşdirib.