Bakı. 20 fevral. REPORT.AZ/ Heydər Əliyev Mərkəzində rusiyalı dəb mütəxəssisi Natalya Tolkunovanın təqdimatında “Dəb ikonası” adlı seminar keçiriləcək.
Mərkəzdən "Report"a verilən məlumata görə, 12,13,14 mart tarixlərində keçiriləcək seminar üç mühazirədən ibarət olacaq.
Seminar hazırda mərkəzdə nümayiş olunan “Modernizm və Moda” sərgisi çərçivəsində təşkil ediləcək.
Qeyd edək ki, 1960-cı illərin dəb nümunələrinin təqdim edildiyi bu sərgi Aleksandr Vasilyev Fondunun kolleksiyası əsasında hazırlanıb. “Dəb ikonası” seminarı moda aləminin liderləri ilə tanışlıq imkanı yaradır.
Seminarda iştirak ödənişlidir. Bir mühazirənin biletinin qiyməti 15 manat, ümumilikdə üç gün üçün bilet isə 30 manatdır. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından və yaxud saytından (
Seminar iştirakçıları Heydər Əliyev Mərkəzində nümayiş olunan “Modernizm və Moda” sərgisi ilə ödənişsiz tanış olmaq imkanı da əldə edəcək.
12 mart 2018-ci il, saat 19.00
“Yüksək dəb ikonaları”
Mühazirə zamanı cəmiyyətdə tutduqları mövqe, böyük nüfuz və zövqlərinə görə dəbi diktə edən və heç bir zaman modanın zirvəsindən enməyən qadınlar haqqında məlumat veriləcək.
XX əsrin ortalarının dəb ikonalarının geyim tərzi bir daha sübut edir ki, zəriflik, kübarlıq yaşa baxmır. Məqsədyönlülük və güclü xarakterləri sayəsində qarşıya qoyduqları bütün vəzifələrə nail ola bilən bu qadınların qeyri-adi taleləri bu gün də nümunə sayıla bilər.
13 mart 2018-ci il, saat 19.00
“Kino və moda: kino ulduzlarının geyim tərzi”
Mühazirə çərçivəsində Qreta Qarbo, Marlen Ditrix, Odri Hepbern, Qreys Kelli kimi məşhur aktrisaların dünyalarına maraqlı səyahət olacaq. Onların moda aləminə, geyim üslubuna etdikləri təsirin təhlili aparılacaq.
Yüz ildən çox müddət ərzində kinematoqrafiya ən güclü moda diktəçisi, yayıcısı olub. Ona görə də kino ulduzlarının şəxsi geyim üslublarının zəmanələrinin estetikasına təsiri, onların yaratdıqları surətlərin bu günədək aktuallığını itirməməsi böyük əhəmiyyət kəsb edir.
14 mart 2018-ci il, saat 19.00
“Müasir dəbdə 1960-cı illərin ənənəsi”
Mühazirədə 1960-cı illərin dəbi, onun bugünkü moda trendlərinə təsiri və müasir modelyerlərin istifadə etdikləri keçmiş üslublar haqda məlumat veriləcək.
1960-cı illər dəb tarixində əsrin birinci yarısının estetikasına yekun vuran və gələcəyə yol açan inqilabi yeniliklər dövrü oldu. 1960-cı illərin dəbində xüsusi dinamizm və incəlik var idi.
Mühazirəçi haqqında:
Natalya Tolkunovajurnalist və tərcüməçidir, Moskva Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olur, moda tarixçisi Aleksandr Vasilyevin rəhbərlik etdiyi “Moda nəzəriyyəsi və sənayesi” proqramı üçün “Moda jurnallarının tarixi”, “Kino və moda”, “Dəb ikonaları” mövzularında mühazirələr oxuyur. “Doroqoy” və “Sur la Terre” jurnallarında redaktor vəzifəsində çalışıb. “50-ci illər: kuturyelərin sonuncu istehkamı” adlı kitabın müəllifidir.