Əməkdar artist Novruz Qartal dəfn olunub

Əməkdar artist Novruz Qartal dəfn olunub Gəncə şəhər İmamzadə qəbristanlığında Əməkdar artist Novruz Qartalla vida mərasimi keçirilir.
İncəsənət
1196
9 Yanvar , 2022 12:42
Əməkdar artist Novruz Qartal dəfn olunub

Əməkdar artist Novruz Qartal dəfn olunub. 

"Report"un Qərb bürosunun məlumatına görə, mərhum İmamzadə Dini Kompleksində torpağa tapşırılıb.

Mərasimində mərhumun yaxınları, aktyorlar, mədəniyyət sahəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Novruz Qartal dünən onkoloji xəstəlikdən vəfat edib. O, onkoloji xəstəlikdən əziyyət çəkirdi. 

Allah rəhmət eləsin!

11:41

Gəncə şəhər İmamzadə Dini Kompleksində Əməkdar artist Novruz Qartalla vida mərasimi keçirilir.

"Report"un Qərb bürosunun məlumatına görə, mərasimdə mərhumun yaxınları ilə yanaşı, mədəniyyət sahəsinin nümayəndələri iştirak edir.

Mərhum vida mərasimindən sonra İmamzadə Dini Kompleksində dəfn olunacaq.

Qeyd edək ki, Novruz Yaqub oğlu Əliyev dünən onkoloji xəstəlikdən vəfat edib.

O, 1947-ci ildə anadan olub. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.

Çalışdığı illərdə Novruz Qartal özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb. Onun "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların rəğbətini qazanıb.

1989-cu ildə Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrına dəvət alan aktyor burada da peşəkarlığı, zəhmətkeşliyi və intizamlılığı ilə fərqlənib. Bu dövrdə Novruz Qartal adı ilə tanınan N.Əliyev müntəzəm olaraq cəbhə bölgələrində, səngərlərdə, hərbi hissələrdə, hospitallarda maraqlı proqramlarla çıxışlar edib, fəxri fərmanlarla təltif edilib.

1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında fəaliyyətini yenidən davam etdirən N.Əliyevin yaradıcılığında yeni obrazlar silsiləsi yaranıb: "92 dəqiqə gülüş"də Xəstə, "On min dollarlıq keyf"də Dayıoğlu, "Hərənin öz ulduzu"nda Kələntər, "Dəli dünya"da "Tın-tın Əsəd, "O olmasın, bu olsun"da Məşədi Qəzənfər, "Bankir adaxlıda dilənçilər padşahı, "Əlin cibində olsun"da Dilənçi, "Məhəbbət oyunu"nda Daşdəmirov, "Volqalı canan"da Müqəddəsov, "Şeytanın yubileyi"də Şirvan, "Kələkbazlar"da Əlipaşa.

Novruz Qartal 25 iyun 2013-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adına, sonrakı illərdə isə bir neçə dəfə prezident mükafatına layiq görülüb.

Qeyd edək ki, Novruz Əliyev (Qartal) onkoloji xəstəlikdən əziyyət çəkirdi. O, 2021-ci il noyabrın 23-də Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində əməliyyat olunub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi