“Cırtdan nağıllar aləmində” meqa-şousu Gəncədə maraqla qarşılanıb

“Cırtdan nağıllar aləmində” meqa-şousu Gəncədə maraqla qarşılanıb Gəncədə ilk dəfə olaraq “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şou nümayiş etdirilib.
İncəsənət
24 Dekabr , 2019 18:36
“Cırtdan nağıllar aləmində” meqa-şousu Gəncədə maraqla qarşılanıb

Gəncədə ilk dəfə olaraq “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şou nümayiş etdirilib.

"Report"un məlumatına görə, Gəncə Dövlət Filarmoniyasında təşkil olunan meqa-şou Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

Meqa-şouya, əsasən, Gəncə Uşaq Evi və SOS Uşaq Kəndinin sakinləri, UAFA Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzindən bəhrələnən və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, habelə Kəlbəcər rayon məktəbliləri dəvət olunublar. Meqa-şou balacalar tərəfindən böyük maraqla qarşılanıb.

Şounun süjet xəttinə əsasən, valideynləri Cırtdanı evdə qardaşı ilə birlikdə qoyaraq gedirlər. Bir müddət sonra Cırtdan qardaşını itirir və sonra onu axtarmağa başlayır. Qara qüvvələrə öz xeyirxahlığı ilə qalib gələn Cırtdan tamaşaçılara yaddaqalan və əlvan təəssürat bəxş edir. Göydən düşən ulduzlar, səmaya pərvaz edən əlvan pərilər Cırtdanla birlikdə tamaşaçıları sehrli aləmə aparır. Şounun sonunda Cırtdan qardaşına qovuşur və Məlikməmməd, əjdaha və Tıx-tıx xanımın köməyi ilə qara qüvvələr tərəfindən tilsimlənmiş Yeni ili geri qaytarırlar. 

“Cırtdan nağıllar aləmində” adlı meqa-şounun icraçı direktoru Vüqar Əliyev bildirib ki, şouda 300-dək əlvan kostyum, 120-dək müxtəlif oyuncaqdan istifadə edilib. O qeyd edib ki, şou uşaqlarla yanaşı, böyüklər üçün də maraqlı olacaq. 

“Bir sözlə, bənzərsiz, rəngarəng və yaddaqalan şou hər bir tamaşaçının zövqünü oxşayacaq. Qusardan start götürən ailəvi meqa-şounun Gəncədən sonra növbəti dayanacağı Masallı olacaq”, - deyə icraçı direktor əlavə edib.

Qeyd edək ki, tamaşa Gəncədə hər gün 3 seansla olmaqla, ümumilikdə, 4 gün, yəni dekabrın 21-dən 24-dək ödənişsiz şəkildə nümayiş olunub. 

Son xəbərlər

Orphus sistemi