“CineMastercard” Las-Veqasda kino istehsalı, distribusiya və texnologiyası sahəsində peşəkarlar üçün keçirilən kino sənayesinə həsr olunmuş illik “CinemaCon” konfransında Azərbaycanı təmsil edib.
"Report" xəbər verir ki, konfransda “CineMastercard” ("CinemaPlus" MMC) kinoteatrlar şəbəkəsinin direktoru Murat Camcı və Müşahidə Şurasının sədri Zaur Darabzadə iştirak ediblər.
Onlar növbəti mövsümdə nümayiş olunacaq filmlər üçün dünyanın öndə gedən film studiyaları ilə strateji əməkdaşlıq müqavilələri imzalayıblar. Həmin şirkətlər arasında "Universal Pictures", "Sony Pictures", "The Walt Disney Company", "Paramount Pictures" və "Warner Bros." studiyaları da yer alır.
Bundan əlavə, nümayəndələr kinoteatrlar üçün nəzərdə tutulmuş ən son texnologiyalarla, yeniliklərlə, innovativ həllərlə tanış olub və onları təqdim edən şirkətlərin rəhbərləri ilə ikitərəfli görüşlər keçiriblər.
Murat Camcı və Zaur Darabzadə həmçinin konfrans zamanı kinonun inkişaf strategiyaları, yeni texnoloji tendensiyalar, innovativ həllər və nailiyyətləri müzakirə ediblər.
Kinoteatr qlobal kino sənayesində lider mövqeyini əldə etməyə çalışır, yenilikləri davamlı şəkildə tətbiq edərək tamaşaçılarına hər zaman ən yüksək keyfiyyəti təqdim etməyi hədəfləyir.
Daim yeni texnologiya və innovasiyalara olan yanaşması ilə “CineMastercard” Azərbaycan kino sənayesində bir lider kimi mövqeyini gücləndirməyi planlaşdırır.
Qeyd edək ki, 2011-ci ildə təsis olunduğu gündən bəri “CinemaCon” əhəmiyyətli dərəcədə inkişaf edərək və genişlənərək qlobal kino sənayesi üçün ən böyük və ən vacib tədbirə çevrilib. “CinemaCon” həqiqətən beynəlxalq miqyasda keçirilir və 80-dən çox ölkədən iştirakçıları cəlb etməklə onun önəmini və əhəmiyyətini bir daha vurğulayır.
Tədbirdə ən böyük Hollivud studiyaları, rejissorlar, aktyorlar, prodüserlər və kino ilə bağlı digər sahələrin nümayəndələri bir araya gəlib. Həmçinin film təqdimatları, texnologiya sərgiləri və kino sənayesində gələcək tendensiyaları müzakirə etmək üçün görüşlər keçirilib.