Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün Akademik Milli Dram Teatrının mərhum aktyoru, əməkdar artist Ələsgər Məmmədoğlunun doğum günüdür.
"Report" xəbər verir ki, Ələsgər Məmmədoğlu yaşasaydı, 70 yaşı tamam olacaqdı.
70 illik yublieyini qeyd etməyə hazırlaşan Ə.Məmmədoğlu ötən il 69 yaşında vəfat edib. Bu gün doğmaları, sənət dostları mərhum aktyorun xatirəsini yad edəcək.
Xatırladaq ki, Ələsgər Məmmədoğlu 1946-cı il fevralın 9-da Bakı şəhərində anadan olub.
1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrında, 6 aydan sonra isə Tədris Teatrına fəaliyyətini davam etdirib. 1987-ci ildə yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində biri-birindən maraqlı rollar ifa edib.
Ə.Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam" V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi" K.Haldoni), Dəmir-qaya "Topal Teymur" H.Cavid), Narsatan ("Qatarda" İ.Məlikzadə), Gümrah ("Alov" M.Hüseyn) kimi obrazlar yaradıb.
"Mozalan" satirik kino- jurnalının 20-yə yaxın sujetinə çəkilən Ə.Məmmədoğlu, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları" (Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran-43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısı olub.
Ə.Məmmədoğlu səhhətində yaranmış problemlə əlaqədar olaraq ötən ilin noyabr ayında xəstəxanaya yerləşdirilmişdi. Qaraciyər xərçəngindən əziyyət çəkən aktyor 2015-ci il dekabrın 21-də vəfat edib.