Bəstəkar Ağadadaş Dadaşovun yubileyi qeyd olunacaq
- 30 noyabr, 2015
- 13:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 noyabr. REPORT.AZ/ Xalq artisti, bəstəkar Ağadadaş Dadaşovun 80 illik yubileyi münasibətilə tədbirlər planı hazırlanıb.
Bu barədə "Report"a Azərbaycan Bəstəkarlar İttifaqından məlumat verilib.
Məlumata görə, dekabrın 2, 4 və 5-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, bəstəkar Ağadadaş Dadaşovun 80 illik yubileyi münasibətilə klassik musiqi axşamları keçiriləcək.
Dekabrın 2-də kamera musiqisi, 4-də simfonik musiqi axşamı, 5-də isə xalq çalğı alətləri orkestrinin ifasında konsert təqdim ediləcək.
Xatırladaq ki, A.Dadaşov 1935-ci ildə anadan olub. 1950-1954-cü illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində tar ifaçısı kimi püxtələşərək, tanınmış pedaqoq, bir sıra mahnı və pyeslərin müəllifi Adil Gərayın tar məktəbini keçir. A.Dadaşov məktəbdə oxuduğu illərdə ən istedadlı tar ifaçıları sırasında olub, 1963-cü ilədək Azərbaycan Televiziya və Radio Komitəsi nəzdindəki Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərib.
1958-1963-cü illərdə Cövdət Hacıyevin bəstəkarlıq sinfində təhsilini davam etdirib. Bəstəkar 2005-ci ildə əməkdar incəsənət xadimi, 2008-ci ildə respublikanın xalq artisti adına layiq görülüb.