Bakı. 3 aprel. REPORT.AZ/ Nizami Kino Mərkəzində Türkiyənin “Post Production” şirkəti tərəfindən ekranlaşdırılan “Tərkedilmiş” dram filminin qala-gecəsi keçirilib.
“Report” xəbər verir ki, filmin qalasında Türkiyənin tanınmış aktyorları, filmin yaradıcı heyəti iştirak edib.
Əsas rollarını azərbaycanlı aktyorlar Kamran Ağabalayev və Könül Nağıyevanın ifa etdiyi filmin ssenari müəllifi və rejissoru Korhan Uğur, prodüserləri Hakan Ordu, Mustafa Saygın və Alihan Karagüldür.
“Tərkedilmiş” filminin süjet xətti Suriya müharibəsində qaçqın düşərək Türkiyəyə sığınan və səfalətdən qurtulmaq üçün böyrəyini satan qadının həyatından bəhs edir. Filmin şüarı belədir: “Bəzilərinin bədbəxtliyi kimlərisə xoşbəxt edir və biz buna insanlıq deyirik”.
Qala gecəsindən əvvəl Türkiyədən gəlmiş yaradıcı heyət və azərbaycanlı aktyorlar jurnalistlərə film barəsində məlumat veriblər. Filmin ilk qalasının Türkiyədə baş tutduğunu deyən "Tərkedilmiş" filminin rejissoru Korhan Uğur filmin Bakı qalasından sonra Türkiyənin bütün kinoteatrlarında nümayiş etdiriləcəyini bildirib.
“Tərkedilmiş” filmi Türkiyənin 174 kinoteatrında nümayiş olunacaq. Filmin növbəti qalasının Almaniyada keçirilməsi nəzərdə tutulub.