Bakı. 5 mart. REPORT.AZ/ Bakıda "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində martın 11-dən aprelin 8-dək məşhur alman rəssamı Mişa Kubalın "Space - Speech - Speed" işıq instalyasiyasının nümayişi keçiriləcək.
Bu barədə "Report"a Almaniyanın Azərbaycandakı səfirliyindən bildiriblər.
"Yaradıcılıq təcrübəsində Mişa Kubal işıqla geniş şəkildə işləyir və onu şəhər strukturunda fəaliyyət göstərən effektiv bir vasitə kimi təsvir edir. Rəssamın müdaxilələri əvvəlcədən gözə dəyməyən detalları vurğulayan, adi halı qeyri-adi hala çevirən və məkanın tanınmayan bir şəkildə dəyişməsini təmin edən işıq və qaranlığın bərabər güclü istifadəsi ilə məkanı fəth edir", - məlumatda deyilir.
Məlumata görə, "Kapellhaus"da “Space-Speech-Speed” işıq instalyasiyasını nümayis etdirmək ideyası Mişa Kubala "Göte İnstitutu" beynəlxalq mədəniyyət təşkilatının yerli şöbəsi olan "Göte-Zentrum Baku"nun dəvəti ilə dekabr ayında Azərbaycanda olduğu zaman yaranıb.