Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyinin yaradıcısı, görkəmli alim və xalçaçı-rəssam Lətif Kərimovun 110 illik yubileyi qeyd olunacaq.
Bu barədə "Report"a Xalça Muzeyindən məlumat verilib.
Noyabrın 17-də keçiriləcək yubileylə əlaqədar Azərbaycan Xalça Muzeyi ilə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyinin birgə əməkdaşlığı çərçivəsində sərgi də açılacaq. Sərgidə L.Kərimovun müəllifi olduğu eskizlər, onların əsasında toxunan xalça və xalça məmulatları, şəxsi arxivində qorunan fotoşəkillər və sənədlər nümayiş olunacaq. Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyi tərəfindən bu sərgi üçün 7 ədəd xalça və 4 ədəd xalça məmulatı təqdim olunacaq.
Bundan başqa, “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından Lətif Kərimovun əsərləri” adlı kitabın təqdimatı keçiriləcək. Kitabda muzeydə qorunan, L.Kərimovun müəllifi olduğu eskizlər və xalçalar, Kərimovlar ailəsinin şəxsi arxivində saxlanılan, bu günə qədər heç bir yerdə nümayiş olunmayan foto şəkillər, sənədlər və məktublar dərc olunacaq.
Eyni zamanda, “Birlik irsi. Gələcək üçün ənənə” kompleks proqramı çərçivəsində noyabrın 16-18-də Azərbaycan Xalça Muzeyi və Beynəlxalq Muzeylər Şurası Rusiya Milli Komitəsinin (Rusiya İKOM) təşkilati və həmçinin MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun maliyyə dəstəyi ilə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyinin təşkil etdiyi “Xalçaçılıq sənəti” adlı konfrans keçiriləcək.
Konfransda Azərbaycan, Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın aparıcı muzeylərinin nümayəndə heyətləri iştirak edəcək. İclaslarda xalça və parçaların tədqiqatı, saxlanması, konservasiyası, bərpası və sərgilənməsi məsələləri müzakirə olunacaq.