Bakı. 17 oktyabr.
"Report" xəbər verir ki, tədbirdə Azərbaycanı Belarusun paytaxtı Minskdə keçiriləcək "Junior Eurovision 2018" mahnı müsabiqəsində təmsil edəcək Fidan Hüseynovanın səsləndirəcəyi mahnı və promoçarx təqdim olunub.
Mətbuat konfransında İTV-nin Mərkəzi Aparatının rəhbəri Faiq Qürbətov, Musiqi, bədii və xüsusi layihələr departamentinin rəhbəri Leyla Quliyeva, mahnının müəllifləri - bəstəkar İsa Məlikov və Azərbaycan dili versiyasının söz yazarı Aytən İsmixanova, həmçinin klipin yaradıcı heyəti, quruluşçu rejissoru Aleksey Krupina iştirak ediblər.
Azərbaycan təmsilçisi beynəlxalq tədbirdə bəstəkarı İsa Məlikov və Azərbaycan dili versiyasının söz yazarı Aytən İsmixanova olan "Sənin kimi olmaq" (I wanna be like you) mahnısını ifa edəcək.
L.Quliyeva bildirib ki, bu gündən etibarən müsabiqədə xüsusi mərhələ başlayır: "Manhnının melodiyasının düşünülməsində Fidanın da öz rolu olub. Artıq bir ay vaxtımız qalıb. Dünən artıq klip müsabiqənin rəsmi səhifəsində yerləşdirildi. Müsabiqənin şərtlərinə görə, mahnının böyük hissəsi ifaçının öz dilində olmalıdır. Buna görə də sözlərin 60%-i Azərbaycan, 40%-i ingilis dilindədir. Müəyyən keçidlərdə və nəqarətləri ingiliscədir". O, klipin İTV-nin bazasında çəkildiyini qeyd edərək büdcə barəsində açıqlama verməyib: "Bunu bizim komanda işimiz kimi qəbul edin. Qələbə heç də klipin bahalı olmasından asılı deyil".
F.Hüseynova deyib ki, mahnıda öz arzularından və xəyali qəhrəmanından bəhs edir. O, bu naməlum qəhrəmana bənzəmək üçün məqsədinə necə addımladığından danışır.
Qeyd edək ki, Fidan Hüseynova 2005-ci ildə anadan olub. O, 2017-ci ildə "Testene Art Baku" beynəlxalq incəsənət festivalında iştirak edərək 9-12 yaş arası uşaqlar arasında vokal ifaçılığı üzrə birinci yer qazanıb. Bundan başqa, "San Remo Junior" festivalında iştirak edərək üçüncü yerə layiq görülüb. 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Fidan Hüseynovanın adı Azərbaycanın gənc istedadlarının "Qırmızı kitabı"na salınıb və Prezident təqaüdünə layiq görülüb.