Bakı. 24 aprel. REPORT.AZ/ Aprelin 16-22-də İtaliyada XX “San Remo Junior” beynəlxalq musiqi müsabiqəsi keçirilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından "Report"a verilən məlumata görə, tədbir İtaliyanın San-Remo şəhərindəki məşhur “Teatro Ariston” konsert zalında baş tutub.
Müsabiqədə Azərbaycanı Bakı şəhər T.Quliyev adına 12 nömrəli onbirillik Musiqi və Bakı Oksford məktəblərinin şagirdi, Prezident təqaüdçüsü, 12 yaşlı Fidan Hüseynova təmsil edib. Onun ifa etdiyi “Tell Me Why” mahnısı müharibələrin günahsız qurbanları, həmçinin Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş, valideynlərini itirmiş, əlil olmuş uşaqlara həsr olunmuş videokompozisiya ilə müşayiət edilib. Nəticədə 16 ölkənin istedadlı gənclərinin iştirak etdiyi, o cümlədən Ermənistan nümayəndəsinin də qatıldığı və gərgin rəqabət şəraitində keçən iki mərhələli müsabiqədə Azərbaycan təmsilçisi münsiflərin yekdil qərarı ilə üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, Azərbaycanın bu mötəbər tədbirdə iştirakı İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Milan Konservatoriyasının müəllimi Mais Nuriyevin təklifi əsasında baş tutub. Müsabiqədə Azərbaycan nümayəndə heyətini Dövlət Komissiyası İşçi qrupunun əməkdaşı müşayiət edib.