Akademik Milli Dram Teatrında “Filumena Marturano” adlı yeni tamaşanın məşqlərinə başlanılıb.
Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşa məşhur italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanacaq.
Səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqsləri quruluşçusu Lalə Hacıyeva, rejissor assistentləri Dilbər İsmayılova və Könül Kərimovadır.
Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərcümə edib.
Tamaşada xalq artistləri Bəsti Cəfərova (Filumena Marturano), Ramiz Novruz (Domeniko Soriano), Cəfər Namiq Kamal (Alfredo Amorozo), aktyorlar Ləman İmanova (Rozaliya Solimene), Fəridə Şahbazova və Güney Əkbərova (Diana), Firuzə Balayeva (Luçiya - qulluqçu), Elnur Qədirov (Umberto), Corc Qafarov (Rikkardo), Vüsal Mustafayev (Mikele), Cavidan Novruz (Noçella – vəkil), əməkdar artist Mehriban Xanlarova (Terezina – dərzi) və aktrisa Xədicə Novruzlu (Ofisiant – Terezinanın qızı) çıxış edəcək.
Qeyd edək ki, Eduardo de Filippo bu məşhur əsəri 1946-cı ildə qələmə alıb. Elə həmin il Neopldakı Politeama teatrında tamaşanın dünya premyerası keçirilib. Tamaşa Filumena Marturano adlı qadının zəngin kişi Domeniko Soriano ilə mübarizəsindən bəhs edir. Əsərdəki əsas motiv insanlar arasında sosial ziddiyyətlər, qadın hüquqları və cəmiyyətdəki təbəqələşmənin törətdiyi fəsadlardır.