“Satıcılar azərbaycanlı olduğumu zənn edib, mənimlə Azərbaycan dilində danışırdılar. Mən isə onlarla rusca söhbət edirdim”
Tbilisi. 10 oktyabr. REPORT.AZ/ Bu il görkəmli kinorejissor, xalq artisti Rasim Ocaqovun lentə aldığı və Azərbaycanın milli kinosunun incilərindən sayılan “Ad günü” filminin çəkilməsinin 41 illiyi tamam olur. Ekran əsərinin əsas qəhrəmanı olan Əli rolunu yaratmış Gürcüstanın əməkdar artisti David Uplisaşvili bu yaxınlarda Rustaveli teatrında SSRİ xalq artisti Robert Sturuanın rejissoru olduğu “Yuli Sezar” tamaşasında baş rolu ifa edib.
“Report”un Gürcüstan bürosunun əməkdaşı tamaşanın məşqlərini izləyib və David Uplisaşvilidən müsahibə alıb.
- “Ad günü” filmində azərbaycanlı obrazı yaratmaq çətin olmadı ki?
- Xeyr. Heç bir çətinliyim yaranmamışdı. Əli obrazının uğurlu alınmasında mərhum kinorejissor Rasim Ocaqovun böyük rolu oldu. Əziz insan kimi onu hər zaman yad edirəm. O, mənə Əlinin xarakterini yaratmağa çox kömək etdi.
Filmdə Əlinin digər əsas qəhrəman Mustafa ilə ilk görüş səhnəsini lentə alırdıq. Bunun üçün bir binadakı mənzilə daxil olduq. Mən qrimdə idim. Mənzildə yaşayan şəxs mənimlə Azərbaycan dilində danışmağa başladı. Ona mənim gürcü olduğumu dedilər. O isə cavabında “Necə yəni gürcü? O, əsl azərbaycanlıdır!” deyə reaksiya verdi.
Kinonun Əlinin balıq axtardığı bazar səhnəsi lentə alınarkən çəkiliş gizli aparılırdı. Satıcılar azərbaycanlı olduğumu zənn edib, mənimlə Azərbaycan dilində danışırdılar. Mən isə onlarla rusca söhbət edirdim.
- Sizcə “Ad günü” filminin bu günə qədər çox sevilməsinin sirri nədədir?
- İlk növbədə film sadə insanların həyatından bəhs edir və müasir dövrümüzdə də Əli kimi insanlar çoxdur. Buna görə də filmin əsas mövzusu, orada baş verən hadisələr, insanlar arasındakı münasibətlər bu gün də aktualdır.
- Filmin çəkilişləri ilə bağlı yadınızda qalan maraqlı xatirələr varmı?
- Xatirələrim çoxdur. Yadımdadır ki, filmin son epizodu çəkilərkən Əli qarmon çalmalı idi. Mən də qarmon çalmağı bacarmırdım. Rasim Ocaqov Azərbaycanın tanınmış qarmon ifaçısını dəvət etdi. Onun adı təəssüf ki, yadımda qalmayıb. O, mənə 2-3 dəfə qarmonda ifa etməyi göstərdi. Mən onu diqqətlə müşahidə etdim. Çəkiliş meydançasında qarmonu mənə verdilər və üç dubla həmin epizod uğurla çəkildi.
Ümumiyyətlə, Rasim Ocaqov çəkiliş meydançasında elə mühit yaratmışdı ki, bütün komanda bir ailə kimi idi. Bütün yaradıcı heyət arasında çox mehriban və dost münasibətlər var idi. Gürcü olduğuma görə mənə heç bir fərq qoyulmurdu.
- “Ad günü” filmi həyatınızda nəyi dəyişdi?
- Əli obrazına görə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşəm və buna görə çox minnətdaram. Ən əsası isə Bakıda yaxşı dostlar qazandım. Bakını öz doğma şəhərim kimi çox sevirəm.
- Sonuncu dəfə Azərbaycanda nə vaxt olmusunuz?
- Bir il öncə Bakıda qastrol səfərində olmuşam. Bakı olduqca gözəl şəhərdir. Sakinləri gülərüz və həyatsevərdirlər. Bakı dünyəvi şəhərə çevrilib və bu, məni çox sevindirir.
Evdə Azərbaycan televiziya kanallarında yerli kino və ya tamaşalar nümayiş etdiriləndə mütləq izləyirəm. Dili başa düşməsəm də, aktyorların oyununa baxıram. Çünki birdən məni yenə Azərbaycana çəkilməyə dəvət etdilər. Buna hazır olmalıyam. (gülür) “Ad günü” filmindən sonra Azərbaycandan təklif almadım. Təklif gəlsə, düşünmədən qəbul edərəm.
- Sizcə “Ad günü” filminin davamı çəkilsə, tamaşaçılar tərəfindən necə qarşılanar?
- Mən bunu bir neçə dəfə təklif etmişəm. Mən, Hacı İsmayılov, Şəfiqə Məmmədova, Şükufə Yusupova sağıq. Ssenari yazılsa və maliyyə vəsaiti ayrılsa əlbəttə ki, filmin davamını çəkmək olar. Azərbaycan və Gürcüstan bu filmi birgə istehsal da edə bilərlər. Əminəm ki, tamaşaçılara 40 ildən sonra Əlinin və digər qəhrəmanların həyatı çox maraqlı olar. Rasim Ocaqov sağ olsaydı, “Ad günü” filminin davamını mütləq çəkərdi.