Yeni tikilən binalarda provayder inhisarının qarşısını necə almaq olar?

Yeni tikilən binalarda provayder inhisarının qarşısını necə almaq olar? Hazırda Azərbaycanda İnternet provayderlərinin sayı artmaqdadır. Bu artımın yaxşı tərəfləri ilə yanaşı narazılıq yaradan tərəfi odur ki, həmin İnternet təminatçıları yalnız kiçik bir ərazidə xidmət göstərir və həmin əraziyə başqa provayderlərin girişi qad
İKT
29 İyun , 2022 17:09
Yeni tikilən binalarda provayder inhisarının qarşısını necə almaq olar?

Hazırda Azərbaycanda internet provayderlərinin sayı artmaqdadır. Bu artımın yaxşı tərəfləri ilə yanaşı narazılıq yaradan tərəfi odur ki, həmin internet təminatçıları yalnız kiçik bir ərazidə xidmət göstərir və həmin əraziyə başqa provayderlərin girişi qadağandır.

Belə ki, son zamanlar əsasən Bakıda tikilən yeni yaşayış komplekslərinin yaxud biznes mərkəzlərinin sahibləri ya özləri yeni provayder qeydiyyatdan keçirir, yaxud da yalnız əməkdaşlıq etdiyi provayderin həmin kompleks və ya biznes mərkəzdə fəaliyyətinə şərait yaradır. Nəticədə digər provayderlərin həmin binalara girişi məhdudlaşdırılır. Yəni "Bir bina-bir provayder" reallığı formalaşıb. Bu isə ölkədə olan digər provayderlərin narazılığına səbəb olur.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Report”a açıqlamasında qeyd edib ki, bu mövzuda şikayətlərlə tez-tez qarşılaşır. Ekspert hesab edir ki, belə məsələlər internet bazarında haqsız rəqabətə səbəb olur və rəsmi qurumlar belə məsələlərin qarşısını almaq üçün ciddi addımlar atmalıdırlar:

“Azərbaycanda son zamanlar internet provayderlərinin sayı artmaqdadır və bu yaxşı haldır. Amma hansısa ərazini yaxud binanı inhisara almaq qüsurludur. Hesab edirəm ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bunun qarşısını alan tədbirlər müəyyən etməlidir. Bir binada ən azı 3 provayder xidmət göstərməlidir ki, sakinlərin seçim imkanı olsun. Amma əksinə olanda keyfiyyət olmayacaq.

Mənə elə gəlir ki, yeni yaşayış binalarının istismara verilməsi ilə bağlı şərtlərə dəyişiklik olmalıdır. Əgər istismardan öncə qaz, işıq infrastrukturu yoxlanırsa, rabitə infrastrukturu da yoxlanmalıdır”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, belə haqsız rəqabət halları ilə bağlı qeyd olunan məzmunda müraciətlərin daxil olması halları mövcuddur:

"Bu halların qarşısını almaq üçün isə nazirlik öz Əsasnaməsində qeyd olunan fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri yerinə yetirir. Nazirlik Əsasnaməyə uyğun olaraq aidiyyəti dövlət orqanları ilə birlikdə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin xidmətlərinin keyfiyyətinə nəzarət etmək və monitorinqlər aparmaq vəzifəsini icra edir.

Həmçinin aidiyyəti dövlət orqanları ilə birlikdə rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmət bazarlarının formalaşdırılmasına nəzarəti təmin etmək, xidmət bazarlarının təhlilini aparmaq, hökmran mövqe tutan operatorların və provayderlərin fəaliyyəti üzrə xüsusi tələbləri müəyyənləşdirmək səlahiyyətinə malikdir.

Bundan əlavə olaraq rabitə və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən operatorların, provayderlərin və digər hüquqi şəxslərin, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qarşılıqlı fəaliyyətini əlaqələndirmək məqsədi ilə tövsiyələr verə bilər.

İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunu aparmaq da nazirliyin səlahiyyətlərinə daxildir”.

Nazirlik ölkədə 2-3 nəfərdən formalaşan internet provayderlərin artması məsələsinə də aydınlıq gətirib:

“Hazırda milli qanunvericilikdə birbaşa internet provayderlər/operatorların fəaliyyətini tənzimləyən qaydalar mövcud deyil. Lakin nazirlik tərəfindən sahənin təkmilləşdirilməsi məqsədilə müvafiq normativ-hüquqi aktların layihələrinin hazırlanması nəzərdə tutulur. Hazırlanması nəzərdə tutulan layihələr internet idarəçiliyi, xüsusilə də internet provayderlər/operatorların fəaliyyətinin tənzimlənməsi sahəsində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, mövcud problemlərin böyük əksəriyyətinin həll edilməsini təmin edəcək".

Bununla yanaşı, nazirlikdə hesab edirlər ki, internet provayder/operatorların fəaliyyətini tənzimləməyən, sadəcə uçotunun aparılmasını özündə ehtiva edən uçot prosesi aparılmalıdır: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”na əsasən internet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər (o cümlədən host provayderlər) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində uçota durmalıdırlar https://mincom.gov.az/az/view/pages/98/.

Həmin Qaydanın 3.8-ci bəndinə əsasən operatorun və provayderin uçota alınmasından aşağıdakı hallarda imtina edilir:

- uçota alınma üçün təqdim edilmiş ərizə tam şəkildə doldurulmadıqda və ya ərizəyə qeyri-dürüst, yaxud təhrif olunmuş məlumatların daxil edildiyi müəyyən olunduqda;

- təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə.

Hazırda qanunvericiliyə uyğun olaraq mövcud texniki imkanın təkmilləşdirilməsi istiqamətində işlər aparılmaqdadır. Təkmilləşdirmə işləri yekunlaşdırıldıqdan sonra internet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər (o cümlədən host provayderlər) məlumatlandırılaraq uçota alınmaları təmin ediləcək”.

Son xəbərlər

Orphus sistemi