VPN-lə “TikTok”da biznes, yoxsa milli maraqlar önəmlidir?

VPN-lə “TikTok”da biznes, yoxsa milli maraqlar önəmlidir? Sentyabrın 12-13 tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı silahlı qüvvələrimiz tərəfindən layiqli cavab tədbirləri gördüyü ərəfədə bir sıra sosial şəbəkələrdə olduğu kimi “
İKT
19 Sentyabr , 2022 15:27
VPN-lə “TikTok”da biznes, yoxsa milli maraqlar önəmlidir?

Sentyabrın 12-13 tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı silahlı qüvvələrimiz tərəfindən layiqli cavab tədbirləri gördüyü ərəfədə bir sıra sosial şəbəkələrdə olduğu kimi “TikTok”da da yayılması istənilməyən məlumatlara rast gəlindi. Təəssüf ki, belə məlumatlar bəzən hərbi əməliyyatların aktiv iştirakçısı olan əsgər və zabitlərimiz tərəfindən sosial şəbəkələrə yüklənib.

Bütün bunları nəzərə alaraq Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən “TikTok”un fəaliyyətinə müvəqqəti qadağa qoyulub.

DTX-nin bununla bağlı açıqladığı rəsmi məlumatda qapanmanın səbəblərinə aydınlıq gətirilib:

“Məlum olduğu kimi, cari ilin 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı silahlı qüvvələrimiz tərəfindən layiqli cavab tədbirləri görülüb. Hazırda həyata keçirilmiş hərbi əməliyyatlarla bağlı “TikTok” sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır. Göstərilənlərlə əlaqədar, “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınmış və bunun üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılıb”.

Tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, bir sıra sosial şəbəkə istifadəçiləri “TikTok”a VPN (Virtual Private Network) adlanan xüsusi proqramlar vasitəsi ilə daxil olurlar. Vətən müharibəsi dövründə də tətbiq edilən məhdudiyyətlər zamanı eyni addım aldığında bildirilirdi ki, həmin VPN-lərin bəziləri Ermənistana məxsus proqram təminatlarıdır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən “Report”a bildirilib ki, vətəndaşlara VPN istifadə etməməsi tövsiyə edilir:

“Son günlər vətəndaşlar tərəfindən VPN tətbiqlərindən istifadə halları artmaqdadır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, VPN tətbiqlərindən istifadə edilməsi kiber mühitdə vətəndaşların məlumatlarının təhlükəsizliyi üçün ciddi risklər yarada bilər. Belə ki, VPN xidmətini təqdim edən tərəf istifadəçilərin məlumatlarına nəzarət edə və onları ələ keçirə bilər. Bu riskləri nəzərə alaraq, Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara VPN tətbiqlərindən istifadə etməməyi tövsiyə edir”.

“TikTok”dan istifadəyə məhdudiyətin qoyulması təhlükəsizlik məsələsi ilə yanaşı bu sosial şəbəkə üzərindən biznes quran fiziki və hüquqi şəxslərin gəlirlərini də sual altına qoyur.

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov hesab edir ki, belə məqamdan dövlətin milli maraqları daha önəmlidir:

“İlk olaraq onu qeyd edim ki, VPN proqramlarından istifadə leqal deyil. Çünki bu proqram sizin IP ünvanınızı gizlədir və sizi başqa bir ölkədən olan istifadəçi kimi qələmə verir. Bu səbəbdən də istifadəçinin bütün şəxsi məlumatları həmin proqram təminatının olduğu serverdə üzü köçürülə bilər. Belə məlumatlar adətən lazımi məqamda istifadəçiyə qarşı kiber hücum olaraq istifadə edilə bilər. İlk olaraq buna diqqət yetirmək lazımdır ki, VPN tam təhlükəlidir və ondan istifadə edənin məlumatları üçüncü tərəfə ötürülə bilər.

Son zamanlar baş verən proseslər fonunda ölkəmizin milli maraqlarını, milli təhlükəsizliyimizi nəzərə alaraq demək lazımdır ki, VPN istifadəçisi çox təhlükəlidir və istifadəsi tövsiyə olunmur. Bu baxımdan hesab edirəm ki, dövlətin qoyduğu qadağalara əməl etmək lazımdır.

Bəzən sual verirlər ki, “VPN istifadəsi zamanı nəyə diqqət yetirilməlidir?”. Əslində isə bu növ xidmətlərdən istifadə zamanı nəyəsə diqqət yetirmək mümkün deyil. VPN o zaman leqal olar ki, başqa bir ölkədə ofisi olan şirkət daxili xətt yaradaraq virtual şəbəkə qurur. Məhz belə şəbəkələrdə VPN yalnız şəbəkə daxilində istifadəyə imkan yaradır".

DTX-nın “TikTok”la bağlı qoyduğu məhdudiyyətlərin bu sosial şəbəkədə biznes quranların fəaliyyətinə təsirinə gəlincə isə E. Abbasov bildirib ki, bloklanma qısa müddət üçün olduğuna görə, onun təsiri də olmayacaq: "Qısacası, biznes o zaman təhlükəyə girər ki, bu daimi bir məhdudiyyət olsun. Bu baxımdan ölkəmizdə “TikTok” üzərindən biznes quran şəxslər hansısa böyük vəsaitlər itirmək, bizneslərinin iflasa uğramaq təhlükəsindən uzaqdırlar.

Digər bir məsələni də nəzərə almaq lazımdır ki, əgər bu bloklanmanın təsiri olsa belə həmin məqamdan fərdi biznesdən daha çox dövlətin təhlükəsizliyi, milli maraqlar daha üstün tutulmalıdır”.

Son xəbərlər

Orphus sistemi