ÜPİ: Avropa və MDB ölkələri poçt sahəsində yaxşı nəticələr göstərir

İKT
  • 13 may, 2025
  • 11:11
ÜPİ: Avropa və MDB ölkələri poçt sahəsində yaxşı nəticələr göstərir

Avropa və MDB ölkələrinin regiondaxili poçt mübadiləsinin inkişafı dünyanın qalan hissəsini xeyli üstələyir.

“Report” xəbər verir ki, bunu Ümumdünya Poçt İttifaqının (ÜPİ) İnkişaf və Əməkdaşlıq üzrə direktoru Mutua Muthusi bu gün Bakıda işə başlamış və 3 gün davam edəcək Avropa və MDB Poçt Liderlərinin I Forumunda bildirib.

Tədbiri ÜPİ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC ilə birgə təşkil edib.

"Bu region çox yaxşı nəticələr göstərir. Etibarlılıq biznesin qurulduğu əsas şeydir. Əgər müştəriləriniz sizi etibarlı hesab edirsə, onlar böyük ehtimalla sizinlə iş görəcəklər. Logistika biznesində etibarlılıq açar əhəmiyyətə malikdir, çünki siz göndərdiyiniz şeyin çatdırılacağına və ya sizə göndərilən şeyin vaxtında və yaxşı vəziyyətdə alınacağına əmin olmaq istəyirsiniz. Bu regionda isə etibarlılıq kifayət qədər yüksəkdir. Bu göstərici 2022-ci ildəki 79 %-dən 2023-cü ildə 88 %-ə çatıb",-deyə o qeyd edib.

Qonağın sözlərinə görə, daxil olan poçt tonnajı ilə bağlı göstəricilər də yüksəlişdədir: "Bununla belə, koronavuris (COVID-19) pandemiyasından sonrakı səviyyələr hələ bərpa olunmayıb. Əslində, bütün dünyada biz bu səviyyələrə çatmaqdan çox uzağıq, amma xoşbəxtlikdən, bu region bu sabitləşməyə nail olmaq baxımından liderlik edir və ümid edirik ki, davamlı bərpa ardıcıl olacaq. Yüksəliş meylləri regiondaxili poçt mübadiləsinə də aiddir. Bu o deməkdir ki, regiondaxili mübadilə əslində bu regionun ən güclü komponentidir, yəni siz bir-birinizlə çox səmərəli və gəlirli şəkildə biznes qura bilərsiniz. Bu, dünyanın qalan hissəsinin artımından xeyli yüksəkdir. İndi o, hətta pandemiyadan əvvəlki dövrdən daha yüksək zirvəyə çatır. Bu, çox yaxşı inkişafdır".

44 - Tezliklə