“TEKNOFEST Azərbaycan” müsabiqələrinin növbəti qalibləri mükafatlandırılıb

“TEKNOFEST Azərbaycan” müsabiqələrinin növbəti qalibləri mükafatlandırılıb "TEKNOFEST Azərbaycan" festivalı çərçivəsində keçirilən müxtəlif müsabiqələrdə ikinci və üçüncü yer tutanlar təltif edilib.
İKT
29 May , 2022 18:22
“TEKNOFEST Azərbaycan” müsabiqələrinin növbəti qalibləri mükafatlandırılıb

“TEKNOFEST Azərbaycan” çərçivəsində keçirilən müsabiqələrin II və III yeri tutan komandalarının mayın 29-da mükafatlandırılma mərasimi olub.
"Report" xəbər verir ki, ilk olaraq energetika naziri Pərviz Şahbazov “Yaşıl texnologiyalar” müsabiqəsində A kateqoriyası üzrə II yeri tutan Bakı Atatürk Liseyinin “Flüsi” komandasına və III yeri tutan Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin “GFuture” komandasına mükafatları təqdim edib. Həmin müsabiqənin B kateqoriyası üzrə II və III yerləri Bakı Ali Neft Məktəbinin (BANM) müvafiq olaraq “Murov” və “Gülüstan” komandaları qazanıblar.

Mükafatlar “BAYKAR Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar tərəfindən təqdim olunub. Müsabiqənin C kateqoriyası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Baku” komandası II yeri, “Enterprise Azerbaijan”ın “EcoFriendly” komandası isə III yeri tutublar. Mükafatlar ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tərəfindən təqdim edilib.
Kənd təsərrüfatı naziri İnam Kərimov “AgroTech” müsabiqəsinin B kateqoriyası üzrə II yerin qalibi Bakı Dövlət Universitetinin (BDU) “Demetre” komandasını və III yerin qalibi BANM-ın “Həkəri” komandasını mükafatlandırıb. C kateqoriyası üzrə II yeri “Slifer”, III yeri “Aqro Zaqatala” komandası tutub.

“PLANER” müsabiqəsində B kateqoriyası üzrə II və III yeri tutan ADNSU-nun “AzeRobot Sky” və BANM-ın “Oğuz” komandaları Aviasiya Akademiyasının prorektoru Ədalət Səmədov tərəfindən mükafatlandırılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Sosial yönümlü texnologiyalar” müsabiqəsinin B kateqoriyası üzrə II yerin qalibi olmuş Azərbaycan Texniki Universitetinin “TwoDice Sabah” komandasına və III yerin qalibi olmuş BANM-ın “Həkəri” komandasına mükafatları təqdim edib.

Müsabiqənin C kateqoriyası üzrə mükafatları Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov verib. II yeri BDU-nun “KRİPT10”, III yeri isə “Nano” komandaları tutub.
“Baku Skills” müsabiqəsinin A kateqoriyasında II və III yeri tutan “Gəncə FRİTL”ın “Metaverse” və Bakı şəhər 81 nömrəli məktəbin “SUM Builders” komandaları təhsil naziri Emin Əmrullayev, B kateqoriyasında II və III yeri tutan ADNSU-nun “Mechanics” və Azərbaycan Dövlət İqtisad Universitetinin “Alfa” komandaları isə Türkiyənin sənaye və texnologiya nazirinin köməkçisi Mehmet Fatteh Kacır mükafatlandırıb.

“Pilotsuz uçuş aparatları” müsabiqəsinin A kateqoriyasında mükafatları Aerokosmik Agentliyin sədri Saməddin Əsədov təqdim edib. A kateqoriyası üzrə II yeri Milli Aviasiya Akademiyasının “SatElit”, III yeri isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının “MSU-Space” komandaları tutub. Müsabiqənin B kateqoriyasında TÜBİTAK-ın prezidenti Hasan Mandal II yerin qalibi Türk Hava Kurumunun “SaWar” komandasını və III yerin qalibi Heydər Əliyev adına Hərbi İnstitutun “Hərbi Hava Qüvvələri” komandasını mükafatlandırıb.

“ROBOTİKS” müsabiqəsinin A və B kateqoriyalarında II və III yerlərin qaliblərinə mükafatlar ADA universitetinin prorektoru Vəfa Kazdal tərəfindən təqdim olunub. A kateqoriyasında II yeri 134 nömrəli məkətibin şəhid övladlarının “Zəfər”, III yeri Bakı Avropa Liseyinin “Pitch Division” komandaları tutub. Müsabiqənin B kateqoriyasında isə II yerin qalibi BANM-ın “Oğuz”, III yerin qalibi Azərbaycan Texniki Universitetinin “Hi-Tech” komandası olub.

“Smart Qarabağ” Hakatonun qaliblərini rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar mükafatlandırıb. Hakatonun qalibi II yer üzrə Türkiyənin Orta Doğu Teknik Universitetinin “Systemator” və III yer üzrə “İzmir İl Milli Eğitim Müdürlüğünün “A takım” komandası olub.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” çərçivəsində yuxarı sinif şagirdləri, tələbələr və startapçılar arasında ümumilikdə 8 müsabiqə - “Baku Skills”, “Pilotsuz uçuş aparatları”, “ROBOTİKS”, “AgroTech”, “Sosial innovasiyalar”, “Həvəskar peyk modelləşdirilməsi”, “PLANER”, “Yaşıl texnologiyalar” təşkil olunub. Müsabiqələr 3 kateqoriya iştirakçı arasında keçirilib - məktəbllilər (A), tələbələr (B) və fərdi şəxslər və ya sahibkarlar (C). Müsabiqələrə qatılmaq üçün 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda müraciət edib.

15:08

"TEKNOFEST Azərbaycan" festivalı çərçivəsində keçirilən müxtəlif müsabiqələrdə ikinci və üçüncü yer tutanlar təltif edilib.

"Report" xəbər verir ki, təltifetmə festivalın sonuncu dördüncü günündə baş tutub.

Qalibləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov, təhsil naziri Emin Əmrullayev, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") sədri Saməddin Əsədov, Türkiyənin sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kacır, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Selcuk Bayraktar təqdim edib.

Qeyd edək ki, həmin müsabiqələrdə birinci yer tutanlar ötən gün Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə təltif edilmişdi.

Son xəbərlər

Orphus sistemi