Gələn il Azərbaycan Türkiyə ilə rəqəmsal sənəd dövriyyələrinin inteqrasiyası planlaşdırılır.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Rəşad Xalıqov qurumun illik fəaliyyətinə həsr olunmuş hesabat tədbirində deyib.
Onun sözlərinə görə, Azərbaycanın dövlət və özəl təşkilatları Türkiyədəki müvafiq qurumlara sənədləri elektron imza ilə təsdiq edərək göndərə biləcəklər:
“Kağızsız hökumət layihələrini genişləndiririk. Artıq bu il bir sıra dövlət orqanları tərəfindən "Kağızsız Hökumət" çərçivəsində layihələr həyata keçirilib. Məsələn, Elm və Təhsil Nazirliyinin yaratdığı portal vasitəsilə ali təhsil pilləsinə qəbul prosesi tamamilə rəqəmsallaşıb".
R.Xalıqov əlavə edib ki, növbəti illərdə dövlət satınalmaları portalında, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işə qəbul portallarında “sıfır sənəd” prinsipi ilə proseslərin həyata keçirilməsi planlaşdırılır.