Azərbaycanda Rəqəmli Bacarıqlar üzrə Tərəfdaşlığın yaradılmasına dair onlayn seminar keçirilib

Azərbaycanda Rəqəmli Bacarıqlar üzrə Tərəfdaşlığın yaradılmasına dair onlayn seminar keçirilib Seminar Latviya, İrlandiya və Litva təcrübəsi ilə tanışlıq xarakteri daşıyıb
İKT
23 İyul , 2020 11:01
Azərbaycanda Rəqəmli Bacarıqlar üzrə Tərəfdaşlığın yaradılmasına dair onlayn seminar keçirilib

Avropa Komissiyasının dəstəyi ilə həyata keçirilən “EU4Digital” layihəsinin “E-baqlacarır” istiqaməti üzrə növbəti seminar baş tutub.

Bu barədə “Report” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir.

Videotədbirdə ölkəmizi “E-bacarıqlar” istiqamətinin əlaqələndirilməsini həyata keçirən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) direktoru Rauf Cabarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. İştirakçılar arasında İqtisadiyyat, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, eləcə də “Azercell” və “Microsoft Azərbaycan” şirkətlərinin nümayəndələri yer alıb.

Onlayn seminarın keçirilməsində əsas məqsəd Avropa Birliyinin təcrübəsinə əsasən “Şərq Tərəfdaşlığı” ölkələrində rəqəmli bacarıqlar üzrə maraqlı tərəflərin və təşkilatların birgə əməkdaşlığının inkişafı və bu əməkdaşlığın təşkili formalarının müzakirəsi olub. Seminar, eyni zamanda Latviya, İrlandiya və Litva təcrübəsi ilə tanışlıq xarakteri daşıyıb.

“EU4Digital” layihəsinin məqsədlərinə əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə Rəqəmli Bacarıqlar üzrə Tərəfdaşlığın yaradılması planlaşdırılır. Qeyd olunan təşəbbüsə qoşulacaq dövlət qurumlarının və özəl şirkətlərin məsul nümayəndələri üçün avqust ayında növbəti seminarın keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “EU4Digital” layihəsi Avropa Komissiyasının “Şərq Tərəfdaşlığı” (EaP) proqramı çərçivəsində “Rəqəmsal Bazarların Uyğunlaşdırılması” (HDM) təşəbbüsünə əsasən yaradılıb. Layihənin əsas məqsədi “Şərq Tərəfdaşlığı” ölkələrinin rəqəmsal iqtisadiyyatının inkişafı və Avropanın rəqəmsal iqtisadiyyatına inteqrasiyadır. Altı istiqamətdən ibarət olan layihənin bir istiqamətini “E-bacarıqlar” təşkil edir.

Layihə haqqında ətraflı məlumatı https://eufordigital.eu/ saytından əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi