Regionlarda “Rəqəmsal Azərbaycana doğru” layihəsinə start verilib

Regionlarda “Rəqəmsal Azərbaycana doğru” layihəsinə start verilib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Technest” Təqaüd Proqramı çərçivəsində regionlarda "Rəqəmsal Azərbaycana doğru” layihəsinə start verib.
İKT
25 Noyabr , 2022 15:19
Regionlarda “Rəqəmsal Azərbaycana doğru” layihəsinə start verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Technest” Təqaüd Proqramı çərçivəsində regionlarda "Rəqəmsal Azərbaycana doğru” layihəsinə start verib.

Bu barədə “Report”a Agentlikdən bildirilib.

Məlumata görə, ötən ilin sentyabr ayından start götürmüş “Technest” artıq regionlarda İKT üzrə ödənişsiz təhsil almaq istəyən gənclər üçün əlçatandır. Layihə çərçivəsində regionlarda gənclərlə silsilə görüşlər keçirilir və İKT sahəsinə marağı olan namizədlər dərhal müsahibələrə dəvət olunurlar. Bundan başqa, səyyar görüşlər keçirilərək gənclər həm rəqəmsal savadlılıq üzrə maarifləndirilir, həm də sınaq imtahanlarına yönəldilir.

Ötən gün Mingəçevir şəhərində gənclərlə keçirilmiş ilk görüşdə 20 nəfər həmin gün təşkil olunmuş sınaq imtahanlarından uğurla keçərək təqaüd qazanıb. Rəsmi görüşlər çərçivəsində şəhər icra hakimiyyətinin başçısı və Mingəçevir Dövlət Universitetinin tələbə-müəllim heyəti ilə məhsuldar diskussiyalar aparılıb. Şəhərdə İKT sahəsi üzrə yaradılan innovativ infrastrukturlardan məqsədyönlü şəkildə istifadə imkanları, həmçinin 3700 tələbənin təhsil aldığı Mingəçevir Dövlət Universitetində İnkişaf və Tədqiqat Laboratoriyalarının yaradılması istiqamətində təkliflər müzakirə olunub.

‘’Technest’in rəhbəri Fatimə Ələkbərova bildirib ki, “Rəqəmsal Azərbaycana doğru’’ layihəsini həyata keçirməkdə əsas məqsəd İKT üzrə peşə təhsili almaq istəyən, amma istər maddi istərsə də sosial qayğılara görə bu kimi fürsətlərdən kənarda qalan və ya yeni ixtisas qazanmaq istəyən lakin haradan, necə başlamağı bilməyən, o cümlədən peşəkar mentorlar olaraq yetişmək və ucqarlarda tədrisə təkan vermək istəyən gəncləri bir araya gətirmək, onlara müvafiq dəstəyi göstərməkdir. Əsas hədəfimiz Azərbaycanda gənclər arasında kütləvi maarifləndirmə kampaniyaları aparmaq və ölkədə İKT üzrə ixtisaslaşmış kadr bankasını yaratmaqdır’’.

Hazırda ‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində təqaüd qazanan şəxslərin sayı 618 nəfərdir. Onlardan 546 nəfəri artıq məzun adını qazanıb.
Qeyd edək ki, ümumi təqaüdçülərin 226 nəfəri məktəblidir, 90 nəfəri isə ali təhsil müəssisələrinin 2-ci və 3-cü kurs tələbələridir. Bununla yanaşı ‘’Technest’’ təqaüdçülərinin işəqəbul əmsalı 90% təşkil edir. Bu rəqəmlər onu deməyə əsas verir ki, ‘’Technest’’ təqaüdçülərinə İKT mütəxəssisləri kimi əmək bazarında böyük tələbat var.

2023-cü ilin sonuna kimi ‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində təhsil alanların sayının 3000 nəfərə çatdırılması planlaşdırılır.

Təqaüd Proqramı çərçivəsində tədris prosesinin peşəkar və səmərəli təşkili üzrə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə İKT üzrə ixtisalaşmış 12 aparıcı təlim mərkəzi ilə əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi