Çinin “Huawei Technologies Co.” şirkəti Avropadakı ilk istehsal müəssisəsini inşa edəcək.
“Report” xəbər verir ki, bu barədə şirkətin press-relizində bildirilir.
Məkan kimi Fransanın şimal-şərqindəki Bryumat şəhərində yerləşən ticarət parkı seçilib. Zavoda yatırılan sərmayələr 200 milyon avro təşkil edəcək. Bu, ilk mərhələdə 300, uzunmüddətli perspektivdə isə 500 iş yeri yaradacaq.
Müəssisə “Huawei”nin avropalı müştəriləri üçün ildə 1 milyard avro dəyərində mobil şəbəkə texnologiyası həlləri istehsal edəcək.
Hazırda şirkətin Avropada 23 elmi-tədqiqat mərkəzi, 100-dən çox tərəfdaş universiteti, 3,1 mindən çox təchizatçısı var.
Xatırladaq ki, “Huawei” Avropada ilk zavodunu Fransada inşa etmək planlarını keçən il açıqlamışdı. ABŞ-ın “Huawei”yə tətbiq etdiyi sanksiya təzyiqi fonunda Avropa şirkət üçün ən böyük xarici bazardır.