"GSMA Mobile 360 Eurasia 2024": regionun ən böyük rəqəmsal texnologiya konfransı başa çatdı

"GSMA Mobile 360 Eurasia 2024": regionun ən böyük rəqəmsal texnologiya konfransı başa çatdı Bakıda keçirilən "GSMA Mobile 360 Eurasia 2024" beynəlxalq konfransı işini başa çatdırıb.
İKT
17 May , 2024 10:40
GSMA Mobile 360 Eurasia 2024: regionun ən böyük rəqəmsal texnologiya konfransı başa çatdı

Bakıda keçirilən "GSMA Mobile 360 Eurasia 2024" beynəlxalq konfransı işini başa çatdırıb.

"Report" xəbər verir ki, mayın 16-da, tədbirin ikinci günündə ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri gündəmə gətirilib. Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində rəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin bir-birinə təsiri, dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün tətbiq olunan texnoloji yeniliklər barədə danışılıb. Daha sonra sənaye liderləri yeni nəsil şəbəkələr və kibertəhlükəsizlik kimi mövzular ətrafında müzakirələr aparıblar.

Konfrans çərçivəsində yadda qalan əsas məqamlardan biri "Azercell" şirkətinin Hüquq, Etika və Komlayens departamentinin direktoru Şirin Əliyevanın çıxışı oldu. Ş.Əliyeva şirkətin bir neçə gün əvvəl ilk ESG hesabatını təqdim etdiyini deyərək ESG strategiyasını əməldə də nümayiş etdirməli olduqlarını vurğulayıb.

"Bizim hesabatımız şəffaflıq, səmərəlilik, brend loyallığı, innovasiya istiqamətlərində məqsədləri əks etdirir. “Azercell"in yeni strateji mərhələsi üç il əvvəl başlayıb. Bu müddətdə fəaliyyətimiz 4 istiqamət üzrə quruldu”, - deyə o qeyd edib.

Ş.Əliyeva “Azərcell”in işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” mənbələrindən istifadə istiqamətində də çalışdığını deyib: “Bu ilin sonuna kimi "Azercell"in “yaşıl enerji”ni dəstəkləyən ölkə üzrə 37 baza stansiyası olacaq. Biz, həmçinin “yaşıl ofis” siyasətini tətbiq edirik. Bu müddətdə zərərli tullantıların həcmini üç dəfə azalda bilmişik”.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova Azərbaycanda bərpa olunan enerji sahəsində indiyə kimi 100-ə yaxın layihənin həyata keçirildiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji sahəsindəki qanunvericilik Avropa qanunvericiliyi ilə uyğunlaşdırılır. İşğaldan azad olunan ərazilərdə bərpa olunan enerji sahəsində böyük potensialın olduğunu deyən R. Hümbətova burada kiçik su elektrik stansiyalarının yaradılmasının çox səmərəli olduğunu diqqətə çatdırıb.

Bakıda COP29-un müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öz öhdəliklərini daha dərindən anlaması üçün çox vacib olduğunu bildirən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, COP29-dan gözləntilərin böyük olduğunu vurğulayıb.

"Bu tədbir qlobal dünya üçün də vacib platformadır. Buraya, həmçinin iqlim konfransına qoşulan 195 ölkə üçün maliyyə hədəfinin razılaşdırılması, emissiyalarının azaldılması istiqamətində olan uğurları əks etdirən hesabatların qəbulu daxildir. Ümumiyyətlə biz karbon emissiyalarının azaldılması öhdəliyindən çox geri qalırıq. Bu da müzakirə olunmalı və həllini tapmalı olan bir məsələdir",- deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi