Giorgi Zviadadze: "BBF bir çox ölkələrdə hökumətlərin görmək istədikləri işi reallaşdırır"

Giorgi Zviadadze: "BBF bir çox ölkələrdə hökumətlərin görmək istədikləri işi reallaşdırır" “Biznes inkubatorlardan uğurla çıxan startaplara 100 min lari vəsait ayırırıq”
İKT
6 Mart , 2018 15:05
Giorgi Zviadadze: BBF bir çox ölkələrdə hökumətlərin görmək istədikləri işi reallaşdırır
Report/ Firi Salim

Bakı. 6 mart. REPORT.AZ/ "Bu gün "Baku Business Factory" (BBF) ilə görüşmək və əməkdaşlıq memorandumu imzalamaq bizim üçün çox əhəmiyyətlidir". 

"Report" xəbər verir ki, bunu BBF-lə Gürcüstan İnnovasiya və Texnologiya Agentliyi (GİTA) arasında əməkdaşlıq üzrə memorandumun imzalanma mərasimində çıxış edən GİTA-nın sədri Giorgi Zviadadze (George Zviadadze) deyib.

G.Zviadadze qeyd edib ki, BBF bir çox ölkələrdə hökumətlərin görmək istədikləri işi reallaşdırır:

"Gürcüstan İsraildə olduğu kimi özünə yeni yol seçib. Bu birliyə, innovasiyaya əsaslanan "startap milləti" yaratmaq yoludur. Öz gələcək məqsədlərinə çatmağın yeganə çıxış yolu məhz bundan keçir. Biz Gürcüstan sərhədlərindən kənarda bir sıra şirkətlər, hökumətlərlə işləyirik, onlara məsləhətlərimizi veririk. Eyni işi biz Azərbaycanda da görəcəyik".

GİTA sədri ölkəsində startapların uğur qazanmasının səbəblərini də açıqlayıb:

"Biz onlarla öz əməkdaşlarımız kimi davranırıq. Onlardan soruşuruq ki, Dubayda, Hong Kongda, ABŞ-da sizi cəlb edən nədirsə biz burda həmin ekosistemi yarada bilərik. Biz öz insanlarımızı dinləyirik. Bu bizim uğurumuzun əsas səbəbidir".

G.Zviadadze Gürcüstan vergi sistemində edilən dəyişikliyin startaplara təsir etdiyini də qeyd edib:

“Biz startaplara həm də vergi sistemində edilən dəyişiklik səviyyəsində də dəstəyimizi göstərmişik. Onlar 500 min lariyə (350 min manat) qədər olan dövriyyəsinin 1%-ni vergi şəklində ödəməklə fəaliyyətlərini davam etdirə bilərlər. Beynəlxalq təşkilatlar artıq Gürcüstana üz tutur və bu sistemdə çalışmağı üstün tuturlar. Bizim Gürcüstanın iqtisadiyyat naziri və onun müavinləri ilə görüşmək istəyən startapçıları 25 dəqiqə ərzində həmin şəxslərlə görüşdürmək imkanımız var”.

GİTA rəsmisi deyib ki, Gürcüstanda ideyaların layihələşdirilməsi üçün 2 min dollar civarında qrant ayrılır:

“Biz Gürcüstanda düşərgələr təşkil edirik. Hansı ki, onlara öz ideyalarını necə layihələşdirməklə bağlı biliklər veririk. Biz təlimlərdən sonra öz layihələrini yaza bilən gəncləri komitəmizə dəvət edirik və onlar öz ideyalarının reallaşa biləcəyini sübut etdikdə, biz mikroqrant olaraq onlara 2 min dollar ayırırıq. Bir çox hallarda beynəlxalq konsultantlar deyir ki, heç vaxt biznes planı olmayanlara qabaqcadan pul vermək olmaz. Amma biz onlara izah etməyə çalışırıq ki, bu insanlar biznes planı daha sonra yazmaq qabiliyyətindədir. Məncə onların yanaşması bir çox hallarda yaradıcı düşüncələri öldürən yoldur. Necə ki, banklar bu gün “start-up”lara pul ayırmır”.

G.Zviadadze uğurlu startaplara 500 min lariyə (350 min manat) qədər vəsait ayırdıqlarını da qeyd edib:

“Biznes inkubatorlardan uğurla çıxan startaplara biz 100 min lari (70 min manat) vəsait ayırırıq. Bu qrant deyil. Biz buna "matching grant” deyirik. Belə ki, onlardan da tələb edirik ki, lazım olan pulun 10%-i qədər özləri vəsait ayırsın. Onlar həmin vəsaiti ayırdıqdan sonra biz də öz vəsaitimizi ayırırıq. Bazar payı 10%-i keçənləri biz növbəti təlimlərimizə dəvət edirik və onlara yardım edirik ki, bazar payı 30-50%-i keçisin. Bazar payı 50%-ə çatan startaplara isə 500 min lariyə qədər vəsait ayırmaq imkanımız var. Biz bunu edirik ki, onlar ölkə sərhədlərindən kənara da çıxa bilsinlər”.

Son xəbərlər

Orphus sistemi