Fərid Osmanov: “Azərbaycan onlayn xidmətlər sahəsində bir çox inkişaf etmiş ölkələrdən irəlidədir”

İKT
  • 12 iyun, 2025
  • 16:10
Fərid Osmanov: “Azərbaycan onlayn xidmətlər sahəsində bir çox inkişaf etmiş ölkələrdən irəlidədir”
Fərid Osmanov

Azərbaycan Elektron Hökumətin İnkişafı İndeksi üzrə onlayn xidmətlər sahəsində bir çox inkişaf etmiş ölkələrdən öndədir.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov İqtisadiyyat və İdarəetmə sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında bildirib.

Onun sözlərinə görə, hazırda rəqəmsallaşma sahəsində reytinqlərin artırılması məqsədilə təkcə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi deyil, həm də bütün hökumət orqanları çox sıx işləyir: “Biz qlobal reytinqləri artırmaq üçün ən yaxşı tədbirləri görməyə çalışırıq. Əvvəlki illərdən başlayaraq, biz nəhəng artıma nail olduq. Onlardan əsası keçən il elan edilmiş Elektron Hökumətin İnkişafı İndeksidir və Azərbaycan 9 mövqe yüksəlib və bu gün 74-cü yerdədir. İnanırıq ki, gələn il biz bu göstəricini artıracağıq. Bunun daxilində onlayn xidmətlər indeksi var. Onlayn xidmətlər indeksi üzrə biz indi 27-ci yerdəyik və bir çox inkişaf etməkdə olan ölkələrdən öndəyik. Biz bu siyahıda çox yüksək inkişaf etmiş qabaqcıl ölkələrin reytinqindəyik”.

O qeyd edib ki, hazırda dünyada rəqəmsal transformasiya çox sürətlə getdiyi üçün kibertəhlükəsizlik sahəsi də mühüm əhəmiyyət kəsb edir: “Məlumatların məxfiliyinin qorunması, məlumat təhlükəsizliyi məsələləri hökumətin prioritet sahələrindəndir. Belə ki, ölkəmiz Qlobal Kibertəhlükəsizlik İndeksinin 2024-cü il hesabatında mümkün 100 baldan 94 bal toplayaraq “İnkişaf etmiş” kateqoriyasına daxil olub və bu da bizi qabaqcıl ölkələr sırasında göstərir. Bu günlərdə bizim üçün başqa bir çağırış Qlobal İnnovasiya İndeksidir. İnnovasiya indeksini artırmaq üçün bütün universitetlər və dövlət qurumları ilə birlikdə əlimizdən gələni edirik”.

Son xəbərlər

Bütün Xəbər Lenti