Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çində işgüzar səfərdədir.
Bu barədə “Report”a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti bulud həlləri üzrə dünya liderlərindən olan "Alibaba Cloud" şirkətinin Hanqjou şəhərində yerləşən baş ofisində olub, şirkətin prezidenti Selina Yuanla görüş keçirib. Görüşdə şirkətin mütəxəssisləri bulud həllərinin tətbiq olunduğu müxtəlif istiqamətlər, bu sahədə informasiya təhlükəsizliyi, məlumatların saxlanması, verilənlər bazası, süni intellekt həlləri, eləcə də maye soyutmalı məlumat mərkəzlərinin qurulması təcrübəsi haqqında ətraflı məlumat verib.
"Gartner" analitik şirkətinin məlumatına görə, "Alibaba Cloud" Çində və Asiya-Sakit okean regionunda ən böyük bulud hesablama şirkətidir. Belə ki, şirkət dünya üzrə 24-dən çox regionda və 74 əlçatanlıq zonasında məlumat mərkəzlərini idarə etməklə geniş müştəri spektrinə, o cümlədən dövlət qurumları, bütün ölçülərdə onlayn bizneslər və iri müəssisələrə bulud hesablama xidmətləri göstərir.