Gələn il oktyabrın 2-6-da Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak etmək üçün 6 minə yaxın şəxsin Azərbaycana gəlməsi gözlənir.
“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.
“Beş gün davam edəcək konqres müddətində 200-dən çox tədbirin keçirilməsi nəzərdə tutulur. İdman tədbirlərini çıxmaq şərti ilə ölkəmizdə keçirilən heç bir beynəlxalq tədbirə bu qədər insan qatılmayıb. Ola bilsin ki, kimlərsə Konqresdə iştirak edə bilməsin. Bu səbəbdən Konqresin sonuncu günü ictimaiyyət üçün “açıq qapı” günü olacaq. Təbii ki, tədbirin rəsmi saytı var və giriş də qeydiyyat əsasındadır. Çünki tədbirə olan marağı nəzərə alaraq bütün kütləni eyni anda həmin məkana buraxmaq mümkün deyil”, - o qeyd edib.
"Azərkosmos " rəsmisi həmçinin Azərbaycandan olan alimləri və tələbələri Konqresdə aktiv iştirak etməyə çağırıb.