Bakıda ilk dəfə "Kosmik Nəsil Konqresi" keçiriləcək

Bakıda ilk dəfə "Kosmik Nəsil Konqresi" keçiriləcək Sentyabrda Bakıda ilk dəfə olaraq "Kosmik Nəsil Konqresi" mövzusunda forum keçiriləcək.
İKT
27 Aprel , 2023 11:05
 Bakıda ilk dəfə Kosmik Nəsil Konqresi keçiriləcək

Sentyabrda Bakıda ilk dəfə olaraq "Kosmik Nəsil Konqresi" mövzusunda forum keçiriləcək.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") Tədqiqat və inkişaf mərkəzinin Elektrik və elektronika qrupunun rəhbəri Nadir Atayev ADA Universitetində "Qadınlar kosmosda: çətinliklər və imkanlar" mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, bu forum 74-cü Beynəlxalq Astronavtika Konqresi ərəfəsində keçiriləcək:

"Forumda 50-dən çox ölkənin 150-dən çox nümayəndəsinin iştirakı gözlənilir. Forum çərçivəsində kosmik sənayenin əsas məsələləri üzrə səkkiz işçi qrupu fəaliyyət göstərəcək. Bundan əlavə, SGAC təşkilatından (The Space Generation Advisory Council) 75 təqaüd proqramı və mükafatlar nəzərdə tutulur", - N. Atayev qeyd edib.

Xatırladaq ki, bu il oktyabrın 2-6-da Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə 75-dən çox ölkədən yüksək ixtisaslı mütəxəssislərin qatılması gözlənir. Konqresdə iştirak etmək üçün 95 ölkədən 3 532 elmi məqalə göndərilib. Bununla Bakı konqresi Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) konqresləri ilə birgə indiyə kimi keçirilən bütün konqresləri geridə qoyub.

Bu il Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da rekord həddə - 214-dür. Bu göstərici ilə ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çindən sonra ilk beşlikdə yer alıb.

Son xəbərlər

Orphus sistemi