Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin dəstəyi ilə Bakıda “Chain Reaction 2024” tədbiri keçirilib.
10-12 sentyabrda baş tutmuş tədbirin əsas mövzuları veb 3.0, innovativ texnologiyalar, blokçeyn, kriptovalyuta, süni intellekt, rəqəmsal aktivlər və s. olub.
Tədbirin əsas sessiyasında "AzInTelecom"un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev texnologiya və kommunikasiya sahəsində yeniliklərə dair “İnteqrasiya edilmiş innovativ ekosistemlərin yaradılması” mövzusunda çıxış edib. O, çıxışı zamanı şirkətin təqdim etdiyi bulud xidmətləri və yeni nəsil rəqəmsal SİMA imza ilə bağlı sualları cavablandırıb. F.Fərəcullayev bildirib ki, artıq 200-dən çox qurum informasiya sistemlərini AzInTelecom-a məxsus Data Mərkəzlərimizə köçürüb. Hazırda yeni 2 Data Mərkəzin tikilməsi istiqamətində isə işlər aparılır.
O, SİMA biometrik imza sayəsində dövlət qurumları və biznes subyektlərinin xidmətlərini rəqəmsallaşdırdığını, ölkənin ən ucqar yerlərində yaşayan vətəndaşlara belə heç yerə getmədən bu xidmətlərdən yararlana bildiyini diqqətə çatdırıb.
Konfransın sponsorlarından biri olan “AzInTelecom”un stendində şirkətin məhsul və xidmətləri barədə qonaqlara ətraflı məlumat verilib, hədiyyələr təqdim edilib.
"Chain Reaction" 2024 tədbirinin gedişatında çıxışlarla yanaşı, panel müzakirələr, seminarlar və təqdimatlar keçirilib.