“Azərpoçt” ilk dəfə həyata keçirilən agent bankçılıq layihəsinə qatılacaq
- 15 mart, 2022
- 06:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Ölkədə maliyyə xidmətlərinə əlçatanlığın artırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC və “Access Bank” QSC-nin birgə əməkdaşlığı çərçivəsində agent bankçılıq modelinin tətbiqinə start verilib.
Bu barədə "Report"a nazirlikdən bildirilib.
Məlumata görə, regionlarda maliyyə inklüzivliyinin yüksəldilməsini hədəfləyən layihə Azərbaycan Mərkəzi Bankının təşəbbüsü, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə həyata keçirilir.
Agent bankçılıq modeli bank məhsullarını və xidmətlərini müştərilərə 3-cü tərəf təşkilatların təqdim etməsidir. Beynəlxalq təcrübədə xüsusilə bank filial və şöbələrinin sayı az olan ərazilərdə əhalinin bank xidmətlərinə çıxış imkanlarının artırılması üçün bu modeldən geniş istifadə edilir.
Layihə Azərbaycanda ilk dəfədir reallaşdırılır və agent bank funksiyasını “Azərpoçt” həyata keçirəcək. Müqaviləyə əsasən, layihəyə “Azərpoçt”un ilk olaraq Ağdaş rayonundakı filialı qoşulacaq. Artıq mart ayından etibarən vətəndaşlar həmin poçt filialında bank əməliyyatlarını həyata keçirə biləcəklər. Müştərilərə ilk növbədə mikro və aqrokreditlər, həmçinin istehlak kreditləri və debit kartları təklif olunacaq.
“Azərpoçt” və “Access Bank” arasında əldə olunmuş razılığa əsasən, bu il ərzində agent bankçılıq layihəsi daha bir neçə regionu əhatə edəcək.
Layihənin reallaşması nəticəsində bank məhsulları və xidmətləri bölgə sakinləri üçün daha əlçatan olacaq.