Bu il “Digital Bridge” milli məlumat mübadilə sistemində 1 milyarddan çox tranzaksiya həyata keçirilib.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Rəşad Xalıqov qurumun illik fəaliyyətinə həsr olunmuş hesabat tədbirində deyib.
Onun sözlərinə görə, hazırda "Digital Bridge" sisteminə 150-dən çox informasiya sistemi inteqrasiya olunub: “Bu sistem üzərindən gündəlik 1,5 milyon məlumat tranzaksiyası həyata keçirilir. İndiyə qədər "Digital Bridge"ə 70-dən çox dövlət qurumu qoşulub”.
Həmçinin, "Digital Login"ə 160-dan çox informasiya sisteminin inteqrasiya edildiyini bildirən R. Xalıqov əlavə edib ki, bu sistem vasitəsilə 55 milyondan çox təhlükəsiz və uğurlu tranzaksiya həyata keçirilib:
“Sistem üzərindən aylıq tranzaksiya sayı 7 milyondan çoxdur, istifadəçi sayı isə 4 min nəfərə çatıb”.