Azərbaycanda məktəblərin internetə çıxış səviyyəsi açıqlanıb
- 12 avqust, 2024
- 06:44
2023-сü ilin sentyabr ayına Azərbaycanda 4 394 əyani ümumtəhsil məktəbində kompüter olub ki, bu da bütün məktəblərin 99,7 %-ni təşkil edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, 2022-ci ilin sentyabr ayı ilə müqayisədə kompüteri olan məktəblərin sayı 13 ədəd artıb.
Bu cür məktəblərin 3 144 ədədi (əvvəlki ilə nisbətən 17 ədəd çox) kəndlərdə, müvafiq olaraq 1 250 ədədi (4 ədəd az) şəhərlərdə, o cümlədən 377-si Bakıda (5 ədəd çox) yerləşir.
Hesabat dövründə məktəblərdə 113 889 (13 732 ədəd çox) kompüter, o cümlədən şəhər məktəblərində 75 127 (11 574 ədəd çox) kompüter olub. Ölkə üzrə məktəblərdəki kompüterlərin 58,4 %-i, o cümlədən şəhər məktəblərində mövcud olan kompüterlərin 63,5 %-i, kənd məktəblərində - 48,5 % internetə qoşulmuş olub. Bu parametr üzrə ən yüksək göstərici Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Belə ki, muxtar respublikadakı məktəblərdə mövcud kompüterlərin 90,5 %-nin internetə çıxışı olub. Ən aşağı göstərici (39,9 %) Şərqi Zəngəzur iqtisadi rayonunda olub.
Ölkə üzrə orta hesabla bir kompüterə düşən şagird sayı 14-ə (2 nəfər çox) bərabər olub. Bütövlükdə 919 344 (8 408 nəfər çox) şagird internetdən istifadə edib. İnternetdən istifadə etmiş şagirdlərin ölkə üzrə məktəblərdə təhsil alan şagirdlərin sayına nisbəti 57,1 % olub. Bu komponent üzrə də liderlik Naxçıvana məxsusdur. Muxtar respublikada təhsil alan şagirdlərin 99,5 %-i ötən il internetdən istifadə edib. Ən aşağı (27,1 %) göstərici isə yenə də Şərgi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb.