Azərbaycanda Məcburi Köçkünlərin Məlumatları Sisteminin yaradılmasına başlanılır
- 02 noyabr, 2024
- 07:48
Azərbaycanda Məcburi Köçkünlərin Məlumatları Sisteminin yaradılmasının ehtimal olunan qiyməti 999 min 755 manat təşkil edir.
"Report" bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir. Bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin elan etdiyi satınalma şərtlərində öz əksini tapıb.
Tender şərtlərinə görə, görüləcək işlərə əsas səhifə, inzibatçılıq, regional idarəetmə və statusların verilməsi, müavinətlərın hesablanması, kütləvi əməliyyatlar, monitorinq, qayıdış (repatriasiya), elektron xəritə, soraqçalar və sair modulların yaradılması daxildir.
Təchizatçılar tenderdə iştirak üçün təkliflərinin təqdim edilməsi ilə bağlı 25 manat istifadə haqqı və 450 manat iştirak haqqı ödəməlidirlər.
İştirak haqqı təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, istifadə haqqı isə heç bir halda geri qaytarılmır.
Təkliflər noyabrın 26-sı saat 16:50-ə kimi təqdim edilməlidir. Zərflər həmin gün eyni saatda açılacaq.