Azərbaycanda kripto və NFT poçt markaları dövriyyəyə buraxıla bilər

İKT
  • 15 aprel, 2026
  • 15:09
Azərbaycanda kripto və NFT poçt markaları dövriyyəyə buraxıla bilər

Gələn ildən Azərbaycanda kripto və NFT poçt markaları dövriyyəyə buraxıla bilər.

Bunu "Report"a açıqlamasında "Azərpoçt" MMC-nin Marka şöbəsinin müdiri Sitarə Hüseynova bildirib.

Onun sözlərinə görə, bununla bağlı xarici şirkətlərlə müzakirələr aparılıb: "Biz bir neçə xarici ölkədə, o cümlədən Türkiyədə çap evləri ilə danışıqlar aparmışıq. Bu ildən qardaş ölkədə həmin təcrübə olacaq. Bir neçə təklif almışıq, onları dəyərləndiririk. Bu il də olmasa, gələn ildən kripto və NFT poçt markalarını dövriyyəyə buraxa bilərik".

"Dünyada rəqəmsallaşma tendensiyası getdiyi kimi, filateliya sahəsində də rəqəmsallaşma var. Son illər ilk dəfə olaraq Avstriya Poçtu kripto və NFT markalarını dövriyyəyə buraxıb. Biz rəqəmsallaşmaya nə qədər getsək də, bu filateliyanın özünün ənənələri var və bu ənənələri qoruyub saxlamaq üçün onları fiziki formada da çap elətdiririk, inkişaf etdiririk. Amma cavan nəslin rəqəmsal sahəyə daha çox marağı olduğu üçün ona görə də bu dəqiqə bir çox ölkələr NFT və kripto-stamplara üstünlük verir və eyni zamanda fiziki markalarla bərabər onları da buraxır. ​Hələ ki, Azərbaycanda rəqəmsal marka buraxılmayıb. Biz yalnız üzərində QR-kod olan markalar buraxmışıq. Amma gələcəkdə yəqin ki, buna ehtiyac olacaqsa, biz rəqəmsal markalar da buraxacağıq", - deyə "Azərpoçt" rəsmisi əlavə edib.