Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ("Azərkosmos") və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşəbbüsü ilə media nümayəndələri üçün "İqlim Dəyişikliyi və Kosmos" mövzusunda görüş keçirilib.
"Report" xəbər verir ki, Milli Mətbuat Günü ərəfəsində keçirilən görüşün məqsədi media nümayəndələrini kosmik texnologiyaların iqlim dəyişikliyi ilə mübarizədə necə istifadə olunduğu barədə maarifləndirmək olub.
Açılış nitqi ilə çıxış edən "Azərkosmos"un İdarə Heyəti sədrinin müavini Dunay Bədirxanov kosmos sahəsində Azərbaycanın fəaliyyətinin ictimaiyyətə çatdırılmasında medianın xüsusi rol oynadığını bildirib. O, ötən il ölkədə keçirilən Beynəlxalq Astronavtika Konqresi haqqında ictimaiyyət arasında geniş məlumatlılığın təmin olunmasında media nümayəndələrinin effektiv fəaliyyətindən bəhs edib.
Medianın İnkişafı Agentliyinin Media Subyektləri və Jurnalistlərlə İş Şöbəsinin müdiri Elşən Ağayev milli mətbuatın keçdiyi tarixi inkişaf mərhələləri və Azərbaycanın inkişafında medianın rolundan danışıb.
Tədbirdə "Azərkosmos"un Coğrafi İnformasiya Sistemləri Tematik Emal Bölməsinin rəhbəri Murad Camalov media nümayəndələri üçün kosmosun günümüzün aktual məsələsi olan iqlim dəyişikliyi istiqamətindəki roluna dair təlim keçib. Təlim peyk təsvirlərinin əldə edilmə prosesi, bu prosesdə tətbiq olunan həllər, kosmik texnologiyaların verdiyi imkanlar və iqlim dəyişikliyinə necə uyğunlaşa biləcəyimiz haqqında mövzuları əhatə edib.
Tədbirdə, həmçinin "Azersky" peykindən əldə edilmiş təsvirlərdən ibarət sərgi nümayiş etdirilib.