Bu gün Türkiyənin Samsun şəhərində "Teknofest 2022" Aerokosmik və Texnologiya Festivalı işə başlayır.
"Report" xəbər verir ki, "Teknofest Karadeniz" adlanan tədbir sentyabrın 4-nə qədər davam edəcək.
Festival Türkiyənin "Teknoloji Takımı Vakfı"nın (T3 Vakfı), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Azərbaycandan bir sıra universitet və dövlət qurumlarının qatıldığı tədbirdə ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov təmsil edir.
Bu gün səhər saatlarından ziyarətçilərin girişi üçün açıq elan edilmiş festivalın rəsmi açılış mərasimi Bakı vaxtı ilə 15:00-da baş tutacaq.
Bu il "Teknofest" festivalı həm də özünün 5 illiyini qeyd edir. Builki festivalın digər əhəmiyyəti ondan ibarətdir ki, onun açılışı Türkiyədə Zəfər Günü kimi qeyd olunan 30 avqusta təsadüf edir.
"Texnofest" Türkiyə xaricində ilk dəfə Azərbaycanda keçirilib. Bu il mayın 26-29-da Bakıda baş tutmuş "Teknofest Azərbaycan"ın açılışında iki ölkənin prezidentləri iştirak edib.