Azərbaycan şirkətinin Data Mərkəzi ABŞ-a “məlumat emalı” satışı həyata keçirir
- 07 aprel, 2025
- 14:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan şirkətinin Data Mərkəzi ABŞ-a “məlumat emalı” satışı həyata keçirir
Bu barədə “Report”un sorğusunun cavabında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Məlumata görə, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STDC” MMC tərəfindən Data Mərkəz 2017-ci ildən bu günə qədər 583 milyon manatlıq “məlumat emalı” satışı həyata keçirib.
Məlumata görə, gəlirlərinin böyük hissəsini ixrac təşkil edir: “Mərkəzdə ABŞ və Avropa istehsalı avadanlıqlarından istifadə edilməklə müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq və yerli müştərilərə xidmət edilir”.
Vurğulanır ki, şirkət Sumqayıt Kimya Sənaye Parkına 385 milyon ABŞ dollarından çox investisiya yatırıb.
İZİA qeyd edir ki, agentliyin idarəçiliyində olan sənaye parklarında və aqroparklarda müasir texnologiyalar və innovativ yanaşmalardan geniş istifadə olunur. Sənaye zonalarında müəssisələrdə iş prosesi Almaniya, İtaliya, İngiltərə, ABŞ, Fransa, Çin, Yaponiya, Cənubi Koreya və qabaqcıl ölkələrin texnologiyalarının tətbiqi ilə həyata keçirilir. Bəzi müəssisələrdə müasir texnologiyaların tətbiqi insan əməyini minimuma endirir və iş prosesi robotların, avadanlıqların köməkliyi vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılıb.
Ölkədə 9 sənaye parkı, 4 sənaye məhəlləsi fəaliyyət göstərir ki, burada 164 rezident qeydiyyatdan keçib, 83 müəssisə istehsal fəaliyyətə başlayıb. Sənaye zonalarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılmış və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunub. İndiyədək sənaye zonalarına 6,9 milyard manat özəl investisiya yatırılıb və 10,6 mindən çox daimi iş yeri yaradılıb. Sənaye zonalarında ümumilikdə 15,4 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 4,9 milyard manatlıq hissəsi ixrac edilib.