Əlillik əngəl deyil! - TƏHLİL

Əlillik əngəl deyil! - TƏHLİL İdman ilk baxışdan onlar üçün çətin və əlçatmaz görünə bilər. Fiziki məhdudiyyətlərin kölgəsində qalan arzuların cücərməsi həqiqətən də çox çətindir. Bir tərəfdə özünə inanmaq, stereotipləri qırmaq, həyata meydan oxumaq istəyi, digər yanda da tərəddüd dolu suallar: Ətrafımdakılar nə deyəcək? Bacararammı? Birdən alınmasa? Axı, mən...
Fərdi
10 İyul , 2019 13:58
Əlillik əngəl deyil! - TƏHLİL

İdman ilk baxışdan onlar üçün çətin və əlçatmaz görünə bilər. Fiziki məhdudiyyətlərin kölgəsində qalan arzuların cücərməsi həqiqətən də çox çətindir. Bir tərəfdə özünə inanmaq, stereotipləri qırmaq, həyata meydan oxumaq istəyi, digər yanda da tərəddüd dolu suallar: "Ətrafımdakılar nə deyəcək? Bacararammı? Birdən alınmasa? Axı, mən..."

Əslində, əlil insanların yoluna işıq tutan, onların cəmiyyətə inteqrasiyasında körpü rolunu oynayan vasitədir idman. Paralimpiya hərəkatının bir parçası olunca, zülmətdən aydınlığa çıxmaq, böyük hədəflərin arxasınca getmək imkanı yaranır.

Müstəqillik dönəmində ölkəmizdə paralimpiya hərakatının təməli 1996-cı ildə qoyulub. Fevralın 9-da təsis edilən Milli Paralimpiya Komitəsi (MPK) ötən müddət ərzində açar rolunu oynayaraq dövlət qurumları, idman federasiyaları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə birgə böyük nailiyyətlərə imza atıb. 23 il öncə Atlanta Yay Olimpiya Oyunlarına cəmi 2 paralimpiyaçı ilə təmsil olunmuş Azərbaycanın bu gün 7 paralimpiya çempionunun olması bunun bariz nümunəsidir.

Hər bir uğurun təməlində səmərəli iş və zəhmət dayanır. MPK təsis edilərkən onun ilk prezidenti seçilən İlqar Rəhimov bu gün vəzifəsini icra etməkdədir. Onunla söhbətimizə rəhbərlik etdiyi qurumun hansı şərtlərdə yaradılmasının tarixçəsindən danışmaqla başladıq.

“1996-cı il Azərbaycan üçün əlamətdar olub. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra dövlət quruculuğuna başladı. Bildiyiniz kimi, həmin vaxt müharibə gedirdi, daxildə silahlı müxalif qüvvələr vardı, regionlarda separatçılıq halları yaşanırdı, iqtisadiyyat dağınıq halda idi. Məhz 1996-cı ildən Heydər Əliyevin səyləri nəticəsində sabitlik başladı. İctimai sabitlik yarandı, iqtisadi inkişaf start götürdü və ölkə normal ritmlə yüksəlişə doğru yön aldı”, - İ.Rəhimov müstəqilliyin ilk illərində ölkədəki vəziyyəti yada salır.

“Ölkədə sabitlik təmin olunandan sonra Milli Paralimpiya Komitəsinin yaradılmasına qərar verdik”

O, deyir ki, 1996-cı ildə Azərbaycanda bir sıra yeniliklərin olması, təşkilatların qurulması üçün imkan yaranıb: “Bunadək ölkədə MPK-nın təsis edilməsi üçün şərait yox idi. Bu sabitlik nəticəsində biz, bir qrup insan, bir neçə qeyri-hökumət təşkilatı, eləcə də dövlət qurumları birləşdik və MPK-nın yaradılmasına qərar verdik. O zaman gənclər və idman naziri Əbülfəs Qarayev bizim hamımızı topladı, Gənclər və İdman Nazirliyində təsis konfransı keçirildi. Tədbirdə idman və əlil ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Həmin vaxt əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini icra edirdim. Ona görə də əlillərin problemləri, onların reabilitasiyası ilə birbaşa məşğul olan şəxs idim. 1993-cü ildən günümüzə qədər bu sahədə çalışıram. Bunu nəzərə alaraq, konfransda təklif olundu ki, məni MPK prezidenti seçsinlər. Müzakirələrdən sonra MPK-nın təsis olunmasına qərar verildi və ilk prezident kimi də məni seçdilər”.

Azərbaycan idmançıları indiyə qədər iştirak etdikləri Yay Paralimpiya Oyunlarında ümumilikdə 38 medal qazanıblar. Ölkədə 7 paralimpiya çempionu, ümumilikdə isə 23 paralimpiya mükafatçısı var. İ.Rəhimovun sözlərinə görə, bu gün paralimpiya hərəkatı bütün ölkəni, regionları əhatə edir: “1996-cı il fevralın 9-da MPK-nın təsis edilməsindən sonra Atlanta Yay Paralimpiya Oyunlarına qatılmaq üçün Bakıda üzdə olan cəmi 2 idmançı tapdıq. Bu gün isə paralimpiya hərəkatı bütün ölkəni, regionları əhatə edir. 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarına 24 idmançı ilə qatıldıq. Ancaq bunlar yalnız lisenziya qazananların sayıdır. İdmanla fəal şəkildə məşğul olan əlillərimizin sayı minlərlədir. Təkcə yığma komandalarda toplanan peşəkar əlil idmançıların sayı 300-ə yaxındır. Azərbaycan digər ölkələrə nisbətən kiçikdir, həm də gənc dövlətdir. Buna baxmayaraq, 1996-cı ildən bəri, 23 ilin içində 7 paralimpiya çempionumuz var: İlham Zəkiyev, Oleq Panyutin, Oloxan Musayev, Ramin İbrahimov, Afaq Sultanova, Natali Pronina və Ramil Qasımov. Bu, fəxr olunası, qürur duyulası nailiyyətdir. Həmin 7 nəfərdən ikisi – Zəkiyevlə Panyutin ikiqat paralimpiya çempionudur. Bu uğurlar bizim səviyyəmizi göstərir”.

“Bu gün paralimpiya hərəkatı bütün ölkəni, regionları əhatə edir”

Komitə rəhbəri Azərbaycanda əlillərin idmanla məşğul olmaları üçün yüksək standartlara cavab verən infrastrukturun olduğunu söyləyib: “Bəxtimiz onda gətirib ki, cənab Prezident İlham Əliyev həm də Milli Olimpiya Komitəsinin rəhbəridir. Biz idman ictimaiyyəti digər əhali qruplarına nisbətən daha əlverişli şəraitdəyik. Cənab prezident idmanı sevən insan kimi bizə bir köynək daha yaxındır. Amma bu, eyni zamanda bizim üzərimizə böyük məsuliyyət qoyur. Prezidentimizin gördüyü işlər həm olimpiyaçılara, həm də paralimpiyaçılara sirayət edir. Paytaxtda və regionlarda inşa edilən Olimpiya Kompeksləri, idman qurğuları, federasiyaların işlərinin sürətlə inkişaf etdirilməsi, komitələrin apardığı işlər ölkədə paralimpiya hərəkatına çox böyük dəstək, təkan verir. Sumqayıtda Paralimpiya Kompleksimiz var. Cənab Prezident 2008-ci ildə oranı inşa etdirib və bizə hədiyyə verib. Ölkə üzrə Olimpiya kompleksləri əlillərə uyğunlaşdırılıb və orada rahat şəkildə idmanla məşğul ola bilirlər. İdman avadanlıqları kifayət qədər çox və keyfiyyətlidir. Çünki cənab Prezident vaxtaşırı avadanlıqların yenilənməsi, təzələrinin alınması üçün maddi köməklik göstərir. Hər bir sahədə olduğu kimi, əlillər də daim ölkə başçısının diqqətində, nəzərindədir”.

“Uşaq paralimpiyası ilə bağlı böyük bazamız var”

Dünyada ilk dəfə 27 sentyabr 2013-cü ildə Uşaq Paralimpiya Komitəsi təsis edilib. Hazırda ölkədə əlil uşaqlar ümumilikdə 8 - üzgüçülük, cüdo, qolbol, boccia, stolüstü tennis, əlil arabasında idman rəqsi, pauerliftinq və taekvondo növlərinə cəlb olunurlar. İ.Rəhimov bu sahədə UNİCEF-lə əməkdaşlıq etdiklərini vurğulayıb: “MPK-nın sürətlə inkişaf etdirilməsi bizə imkan verdi ki, uşaqların arasında da paralimpiyanın yaradılmasına diqqəti artıraq. 2013-cü ildə fikirləşdik ki, qurumun tərkibində uşaq paralimpiya hərakatının yaradılmasına hazırıq. O zaman müzakirə etdik və dünyada ilk dəfə Uşaq Paralimpiya Komitəsi təsis edildi. Bunun bir ilk olması böyük çətinliklərin olacağı demək idi. Birinci çətinlik bu işin hüquqi bazasının, normativlərinin olması idi. Müəyyənləşdirməli idik ki, hansı idman növləri olacaq, sağlamlıq imkanları məhdud uşaq özünə uyğun konkret hansı növlə məşğul ola bilər və s. 2013-cü il təsis konfransından sonra UNİCEF-in Azərbaycandakı nümayəndəliyi ilə görüş keçirdik. Sağ olsunlar, bizimlə əməkdaşlıq müqaviləsi imzaladılar və bu günə qədər əməkdaşlıq edirik. Kanadadan uşaq idmanı ilə bağlı çox gözəl mütəxəssis - Kolin Hiqqz gəldi. Onunla birgə bütün normativ bazanı hazırladıq. Bu gün uşaq paralimpiyası ilə bağlı böyük bazamız var. Normativ baza öz yerində, ikinci məsələ odur ki, uşaqların özlərini tapmalı idik. Sağlamlıq imkanları məhdud uşaqları idmana cəlb etmək elə də asan iş deyildi. Çünki bütün dünyada bir çox valideynlər uşaqlarının əlil olmasından utanır, qohum, qonşu, cəmiyyət arasında onları gizlədir, göstərmək istəmirlər. Belə bir fikir formalaşıb ki, uşaq əlildirsə, heç nəyə yaramır. Bizim çətinliyimiz ondan ibarət idi ki, bu psixologiyanı dağıtmalı idik. Valideynlərlə çox ciddi iş apardıq. Mütəxəssislərimiz Bakıda və regionlarda fəal çalışdılar. Valideynləri başa saldılar ki, bu uşaqları evdə qapatmaq lazım deyil. Açın qapını, qoyun, uşaq cəmiyyətə qarışsın. Axı, siz uşağın nələri bacaracağını dəqiq bilmirsiniz. Bəlkə, bu uşaq sizin ailənin dayağı olacaq, maddi təminatını yüksəldəcək, ölkədə hansısa məsələdə həlledici rol oynacaq?! Belə misallar da var. Bu gün təkcə yığma komandalarda 200-dək əlil uşaq var. İndiyə qədər 4 dəfə Uşaq Paralimpiya Oyunları keçirmişik. Sonuncuda Gürcüstan idmançıları da iştirak etdilər. Yəni, bu Oyunlar tədricən beynəlxalq xarakter alır. İstəyimiz odur ki, gələcəkdə böyüklərlə paralel olaraq uşaqların da Paralimpiya Oyunları olsun. Bu işin əsası artıq Azərbaycanda qoyulub”.

“İdman əlillərin cəmiyyətə inteqrasiyası üçün əvəzsiz vasitədir”

İ.Rəhimov əlil uşaqların idmana cəlb edilməsində dövlət qurumlarının MPK-ya böyük dəstək verdiklərini deyib: “Təhsil Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına təşəkkür edirik. Əlil uşaqların idmana cəlb edilməsində bizə çox böyük dəstək olurlar. Hərdən soruşurlar ki, Uşaq Paralimpiya Komitəsini yaratmaqla nəyə nail oldunuz. Cavab olaraq, bir idman qurumu kimi ehtiyat kadr hazırladığımı deyirəm. Eyni zamanda bir vətəndaş kimi uşaqların cəmiyyətə inteqrasiya olunmasına sevinirəm. Fiziki məhdudiyyətlərə rəğmən, uşaqlar meydanda mübarizə aparırlar. Bu, bizim böyük qazancımızdır. Ondan da böyük qazanc vaxtilə bu uşaqlardan utanan valideynlərin tribunalarda xoşbəxt sima ilə oturmalarıdır. İdman əlillərin cəmiyyətə inteqrasiyası üçün əvəzsiz vasitədir”.

“Azərbaycan Cüdo Federasiyası paralimpiya ilə bağlı böyük işlər görür”

Hazırda Azərbaycanda böyüklər 14 yay - cüdo, atletika, güllə atıcılığı, pauerliftinq, kamandan oxatma üzgüçülük, qolbol, oturaq voleybol, parataekvondo, boccia, adaptiv avarçəkmə, qılıncoynatma, stolüstü tennis və əlil arabasında idman rəqsi, eləcə də 2 qış - snoubord və dağ xizəyi növləri ilə məşğul ola bilirlər. Komitə rəhbərinin sözlərinə görə, onlar son illər iş prinsiplərini bir qədər dəyişiblər: “Əvvələr MPK olaraq, 16 idman növü üzrə federasiya rolunu da biz oynayırdıq. Amma artıq bir neçə paralimpiya idman növü üzrə federasiyalar yaranıb. Məsələn, Boccia Federasiyası təsis edilib. Çox ciddi və keyfiyyətli iş görürlər. Həmçinin Qılıncoynatma Federasiyası var. Bu, bir istiqamətdir. Digər istiqamət isə paralimpiyaçıların olimpiyaçılarla eyni federasiyalarda birləşdiriləməsi və inteqrasiyanın da keyfiyyətli formada təşkilidir. Davamlı olaraq federasiyalarla iş aparırıq. Məsələn, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, vitse-prezident Sadıq Sadıqov çox böyük iş görür. Orada paralimpiyaçılarla olimpiyaçılar birgədir. Yarışları paralel keçirilir, birgə məşq edirlər, təlim-məşq toplanışlarına gedirlər. Təsadüfi deyil ki, bu ilin mayında Bakıda ilk dəfə paracüdo üzrə Qran-pri yarışı keçirildi. Qış İdman Növləri Federasiyası, Azərbaycan Velosiped İdmanı Federasiyası və digərləri də bizimlə çox yaxın əməkdaşlıq edir”.

“Minlərlə insan Milli Paralimpiya Komitəsində birləşib”

İ.Rəhimov bildirib ki, əlillik heç kimi maneə ola bilməz. O, MPK-nin əlillərin cəmiyyətə inteqrasiyası üçün lazımı dəstəyi verdiyini qeyd edib: “MPK-nın təcrübəsinə, gördüyümüz işlərə əsasən və əvvəllər nazirlikdə işləyən bir şəxs kimi deyə bilərəm ki, bu gün əlillik maneə deyil. Əlillik hansısa sahədə problem, çətinliklər yarada biləcək səbəbdir. Amma əlillik bütövlükdə yaşamaq, cəmiyyətdə mövqe tutmaq, müstəqil ölkəmizdə öz sözünü demək, onun inkişafında rol oynamaq üçün problem deyil. Bunu belə qəbul etmək lazımdır. Şükürlər olsun ki, artıq bu cür də anlaşılır. Əlilliklə bağlı ölkəmizdə böyük işlər görülüb, bundan sonra daha da yaxşı olacaq. Bu gün minlərlə insan MPK-da birləşib, bir çətirin altındadır. MPK kiçik qurum deyil. Buranı idman qurumu kimi təsis etsək də, bu gün komitəmiz böyük ictimai hərəkatdır. Hazırda həm idman, həm də reabilitasiya ilə məşğul olur, ölkənin ictimai həyatında böyük rol oynayırıq. Bütün bunları edə bilməyimizlə qürur duyuram. MPK ölkəmizə, xalqımıza, prezidentimizə xidmət edən hərəkata çevrilib. İlham Zəkiyevin yaxşı bir sözü var: "Sizin gördüklərinizi görmürəm, amma sizin hiss edə bilmədiklərinizi hiss edirəm". Onun və digər idmançılarımızın həyat yolunu bir nümunə kimi vətəndaşlarımıza çatdırmağa çalışırıq. Baxın, həmin insanlar haradan-haraya gəliblər. Onların həyatı bir örnəkdir və bu örnəyi yaratmağa MPK kömək edib”.

“İdman həyatımı tamamilə dəyişdi”

Parataekvondo üzrə dünya çempionu və Avropa mükafatçısı Röyalə Fətəliyeva idman sayəsində həyatında köklü dəyişikliklərə nail olan çoxsaylı insanlardan biridir. Hərçənd, o da başlanğıcda tərəddüd edib: “İdmana uşaqlıqdan qətiyyən həvəsim olmayıb. 2011-ci Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə çağırdılar və oranın rəhbəri idmanla məşğul olmağı təklif etdi. Təbii ki, əvvəlcə “yox” dedim. Lakin o, bildirəndə ki, idman ali təhsil almağıma kömək edə bilər, razılaşdım. Çünki əsas hədəfim ali təhsil idi. Fikirləşdim ki, universitetə qəbul olub, idmanı buraxaram. İlk nailiyyətim Avropada çempionatında bürünc medal oldu. Nifrət etdiyim idmana bundan sonra bağlandım. Ana bətnində əkizim inkişafıma mane olub və sol qolumda problem var. Əkizim isə sağlam doğulub. Həmişə onun kölgəsində gəzir, qolumu onun arxasında gizlədirdim. Uşaqları qınamıram, amma böyüklər əlillərə yazıq kimi baxırlar. Bu da mənə çox pis təsir edirdi. İdman həyatımı tamamilə dəyişdi. Ən əsası da kompleksimi aşmağa kömək etdi”.

“Valideynlər bilsinlər ki, əlil uşaqların gizli istedadı olur”

28 yaşlı idmançının sözlərinə görə əvvələr valideynləri ona görə narahatlıq keçiriblər: “İdmana gələnə qədər həmişə onlar mənə kömək edirdilər. Ancaq nailiyyət əldə edəndən sonra vəziyyət dəyişdi, özümə inamım artdı. Ali təhsil qismət olmasa da, artıq buna önəm vermirəm. Tamamilə idmana bağlanmışam, dünya çempionu olmuşam. İndi 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarına vəsiqə qazanmağa iddialıyam. İnşallah, paralimpiya çempionu da olaram. Valideynlər bilsinlər ki, əlil uşaqların gizli istedadı olur, üzə çıxarmaqda onlara köməklik göstərsinlər. İdman mənə hər şey bəxş etdi”.

Beləliklə, idmanın əlillərin cəmiyyətə inteqrasiyası üçün əvəzsiz vasitə olduğunu, körpü rolu oynadığını əminliklə söyləyə bilərik. Əlillik əngəl deyil!

Yazı Milli Paralimpiya Komitəsinin Azərbaycan Mətbuat Şurası ilə birgə 22 iyul Milli Mətbuat Gününə həsr olunmuş müsabiqəyə təqdim olunur.

Son xəbərlər

Orphus sistemi