Bakı. 26 dekabr. REPORT.AZ/ Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə əlaqədar iş qrafikində dəyişiklik edib.
“Report” quruma istinadən xəbər verir ki, bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə yanvarın 4-nə qədər gücləndirilmiş iş rejimi tətbiq edilib.
Hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsi ilə təxminən 8,5-9 min sərnişin yola salınırsa, bayram ərəfəsində 650-700-dən yuxarı reyslə 16-17 mindən çox sərnişin daşınması nəzərdə tutulur.
Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur. Biletləri kassadan və ya onlayn qaydada əldə etmək mümkündür. Əlavə sual və təkliflər üçün (012) 406 01 58 (59) nömrələrinə müraciət etmək olar.