Azərbaycanda elektrobuslar istehsal olunacaq

Azərbaycanda elektrobuslar istehsal olunacaq Gəncə. 21 dekabr. REPORT.AZ/ Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib.
İnfrastruktur
21 Dekabr , 2018 17:35
Azərbaycanda elektrobuslar istehsal olunacaq

Gəncə. 21 dekabr. REPORT.AZ/ Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib.

"Report"un Qərb bürosunun məlumatına görə, görüşdə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin direktoru Kamran Nəzərov da iştirak edib.

Görüşdə Azərbaycanla Belarus arasındakı əlaqələrdən söz açılıb, müxtəlif sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanb. Qeyd olunub ki, Gəncə Avtomobil Zavodu sənaye sahəsində Belarus-Azərbaycan əməkdaşlığının flaqmanıdır. On ildən artıqdır ki, bu zavod traktor, avtomobil, kommunal texnika və xüsusi texnikanın yığılması əməliyyatlarının həyata keçirilməsində Belarusun texnika istehsalı üzrə aparıcı müəssisələri - MTZ İstehsalat Birliyi, MAZ Açıq Səhmdar Cəmiyyəti (ASC), “Amkodor” ASC, MZKT ASC ilə fəal əməkdaşlıq edir. Bu illər ərzində Gəncə Avtomobil Zavodu Azərbaycan bazarını müxtəlif modifikasiyalı traktor və avtomobil texnikası ilə təchiz edib.

Növbəti ildən bu əməkdaşlıq daha da genişləndiriləcək. Belə ki, Gəncə Avtomobil Zavodunda Belarusun texnika istehsalı üzrə aparıcı müəssisələri ilə birlikdə yeni elektrobusların istehsalına başlanılması planlaşdırılır. İstehsala başlamazdan əvvəl Gəncədə belaruslu mütəxəssislərin iştirakı ilə monitorinqlər keçiriləcək və şəhərdə hansı tutumlu elektrobuslara ehtiyac olduğu müəyənləşdiriləcək. Bundan sonra tutumundan asılı olaraq kiçik və böyük qabaritli elektrobuslar istehsal olunacaq. Elektrobuslar istifadəyə verilməzdən əvvəl şəhərin müxtəlif ərazilərində enerjidolduma stansiyaları quraşdırılacaq.

Söhbət zamanı Azərbaycan ilə Belarus arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğu dilə gətirilib. Azərbaycanla Belarus arasında iqtisadiyyat və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən birgə layihələrin icrası, qarşılıqlı təcrübə mübadiləsi, işçi görüşlərinin təşkili və digər məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi