​Xalq artisti Amalya Pənahovanın 70 illik yubiley gecəsi keçirilib

​Xalq artisti Amalya Pənahovanın 70 illik yubiley gecəsi keçirilib Yubilyara prezidentin fəxri diplomu təqdim edilib
İncəsənət
3 İyul , 2015 21:22
​Xalq artisti Amalya Pənahovanın 70 illik yubiley gecəsi keçirilib

Bakı. 3 İyul. REPORT.AZ/ Bu gün Heydər Əliyev adına Sarayda Azərbaycanın Xalq artisti Amalya Pənahovanın "Sevgi etirafı" adlı 70 illik yubiley gecəsi keçirilib.

"Report" xəbər verir ki, A. Pənahova səhnəyə şaman görkəmində çıxıb.

Səhnədə quraşdırılmış monitorda onun uşaqlıq və gənclik illərini əks etdirən fotoşəkillər və ifa etdiyi tamaşalardan parçalar nümayiş etdirilib.

Çıxışlar zamanı ilk söz mədəniyyət və turizm naziri Əbulfəs Qarayevə verilib. O, yubilyarın Azərbaycan teatr və kino sənətində oynadığı rolundan bəhs edib:

"Azərbaycan teatrının böyük dövrü Amalya xanımın adı ilə bağlıdır. Baxmayaraq ki, siz anasız və nənəsiz, amma hələ də bizim üçün gənc və gözəl Nargilə olaraq qalmısız. Görkəmli rejissor Tofiq Kazımovun dəstəyi ilə ilk dəfə 19 yaşında İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" tamaşasında Nargilə obrazı ilə səhnəyə ayaq basan Amalya xanım 28 il "Azdrama"nın səhnəsində saysız-hesabsız obrazlar yaradıb".

Nazir, həmçinin yubilyarın kino və Bakı Bələdiyyə Teatrındakı fəaliyyəti haqqında da danışıb:

"Amalya xanım teatrla yanaşı kinoda da gözəl rollar oynayıb. Siz 25 il ərzində Azərbaycan kinosunda irili-xırdalı 200-dən çox rola ekran ömrü vermisiz. Bakı Bələdiyyə Teatrını isə döyüşkən teatr adlandırmaq lazımdır".

Nazir daha sonra ölkə prezidentinin imzaladığı fəxri fərmanı dövlət başçısı və onun xanımı adından yubilyara təqdim edib:

"Siz Azərbaycanın bütün fəxri adlarını almısız. Prezidentin və Mehriban Əliyevanın adından sizə bu fəxri diplomu təqdim edirəm".

Tədbirdə çıxış edən qonaqlar arasında Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, baş nazirin müavini, yazıçı Elçin Əfəndiyev, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və başqaları olub.

Amalya Pənahova, həmçinin Türksoyun baş katibi adından xüsusi diplomla və Haldun Taner medalı ilə təltif edilib. Mükafatları yubilyara Elçin Qafarlı təqdim edib.

Son xəbərlər

Orphus sistemi