Xəbərimiz olmadan cibimizə necə girirlər?! - ARAŞDIRMA

Xəbərimiz olmadan cibimizə necə girirlər?! - ARAŞDIRMA Azərbaycanda mobil telefon istifadəçilərinə məcburi qaydada əlavə xidmətlər satılır
İKT
14 İyul , 2018 14:00
Xəbərimiz olmadan cibimizə necə girirlər?! - ARAŞDIRMA

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycanın mobil rabitə bazarında fəaliyyət göstərən və mobil telefon istifadəçilərinə əlavə xidmətlər təklif edən "Navigator Mobil Sevices", "SimToday" və TMG provayderləri abunəçilərin hüquqlarını pozur, onların "cibinə girir".

"Report" xəbər verir ki, bu barədə "Bakcell" MMC-nin abunəçiləri məlumat verib.

Şikayətçilərin sözlərinə görə, adları çəkilən provayderlər onların mobil nömrələrini özlərindən xəbərsiz müxtəlif xidmətlərə qoşur və hesablarından pul tuturlar.

"Hiss etdim ki, nömrəmin balansı tez azalır. Daha sonra "Mənim Bakcellim" tətbiqini yüklədim. Onun sayəsində öyrəndim ki, "Simtoday" və TMG provayderləri hər gün mənim hesabımdan 0,59 manat çıxırlar. Halbuki mən həmin provayderlərin xidmətlərinə qoşulmamışam və buna razılıq verməmişəm. Bəs nömrəm bu xidmətlərə mənim icazəm olmadan necə qoşula bilər?! İlk öncə "Bakcell"ə zəng vurdum. Onlar vəziyyətdən çıxış yolu olaraq mənə ismarıc göndərdilər. Həmin ismarıcda sözügedən xidmətləri dayandırmaq üçün əlaqə vasitələri qeyd edilmişdi. Oradakı nömrələrə yığdım, həmin nömrələrdə qadın səsi mənə xidməti dayandırmaq üçün 1 rəqəmini yığmağımı, opetarorla əlaqə saxlamaq üçün isə 2 rəqəmini yığmağı tövsiyə edirdi. 1 rəqəmini basdım və mənə xidmətin dayandırıldığı bildirildi. Daha sonra rahat nəfəs aldım. Nəhayət ki, "SimToday"dən canımı qurtara bildim. TMG-nin operataru ilə də əlaqə saxladım və mənə nömrəmin "qara siyahı"ya salınacağına söz verdilər. Lakin məsələ həll olunmadı, oğurluq davam etdi. Yenidən zəng vurdum və mənə bildirdilər ki, məsələ gün ərzində həll ediləcək, lakin hələ də gözləyirəm", - deyə şikayətçilərdən biri üzləşdiyi hüquq pozuntusu barədə bildirib.

Azərbaycanda bu kimi hallarla üzləşən abunəçilərin sayı minlərlədir. Provayderlərin qəpik-qəpik oğurladığı pullar tədricən böyük məbləğlərə çevrilir və işbazların cibinə axır. Məsələn, təqdim etdiyimiz videoda göründüyü kimi, provayder məcburi satdığı xidmətlərə görə abunəçidən 100 manat oğurlamağa nail olub. Bu, 2018-ci ildə ölkə üzrə müəyyən edilmiş yaşayış minimumunun (173 manat), təxminən, 58%-i deməkdir.

"Report" məsələ ilə bağlı provayderlərlə əlaqə saxlamağa çalışıb. Onlardan yalnız birinin - "SimToday"in operatoru zəngə cavab verib və bildirib ki, abunəçi xidmətə qoşulan zaman ona bunun ödənişli olması barədə ismarıc göndərilir. Üstəlik, qoşulma birbaşa həyata keçirilmir, internet səhifələrindəki hansısa linklərə daxil olarkən baş verir. Baxmayaraq ki, abunəçilər xəbərdarlıq ismarıcı almadıqlarını deyirlər. 

TMG-dən, eləcə də "Navigator Mobile Services"dən isə zəngə cavab verilməyib. Xatırladaq ki, təxminən, 1 il bundan əvvəl "Report" "Navigator Mobile Services"in abunəçilərə vurduğu ziyanla bağlı araşdırma hazırlamışdı. 

"Report" mözvu ilə bağlı "Bakcell"in də mövqeyini öyrənib. Şirkətdən sorğuya cavab olaraq bildirilib ki, abunəçilər əlavə xidmətlərin deaktiv edilməsi üçün birbaşa onları təqdim edən təchizatçıya müraciət etməlidir: "Xidmətin nömrədə ləğv edilməsi üçün, istifadəçi təchizatçının əlaqə nömrələrinə zəng edə və yaxud müvafiq qısa nömrəyə SMS göndərə bilər. “Bakcell”in “555” Məlumat Mərkəzinə müraciət etməklə xidmət təchizatçısının əlaqə nömrələrini əldə etmək mümkündür".

Son xəbərlər

Orphus sistemi