Qubanın Girdah, Zıxır və Dalıqaya kəndlərinin sakinləri mobil telefonla normal danışa bilmədiklərindən şikayətlənir.
Vətəndaşlar bununla bağlı "Report"un Şimal bürosuna müraciət edərək mobil operatorların göstərdikləri xidmətdən narazı olduqlarını bildirib.
Onların sözlərinə görə, yaşadıqları kəndlərdə yalnız yüksək ərazilərdə mobil rabitə əlaqəsi yarada bilirlər.
"Qubanın əksər kəndləri kimi bizim yerlərdə stasionar telefon qovşaqları yoxdur. Kəndlərimiz rayon mərkəzindən 35-40 kilometr məsafədə yerləşir və Quba şəhəri ilə əlaqə yaratmaq çətin olur", - deyə sakinlər qeyd edib.
"Report" məsələ ilə bağlı Azərbaycanda fəaliyət göstərən hər 3 mobil operatora – “Azercell", “Bakcell” və “Nar"a müraciət edib.
"Bakcell"dən bildirilib ki, Girdah, Zıxır və Dalıqaya kəndlərində mobil şəbəkənin yaxşılaşdırılması şirkətin diqqət mərkəzindədir: "Müraciət qeydə alınıb və bundan sonra qeyd olunan ərazidə müvafiq təhlillər aparılıb. Həmin kəndləri əhatə edəcək yeni baza stansiyasının növbəti il ərzində tikintisi nəzərə alınacaq”.
"Azercell"dən isə deyilib ki, məsələ ilə bağlı araşdırma aparılıb: "Nəzərinizə çatdırmaq istərdik ki, telekommunikasiya rabitəsi radiosiqnallar vasitəsi ilə həyata keçirildiyindən hər hansı kənar maneə mənbələrindən, o cümlədən binalardan, bitkilərdən, relyefdən və sair maneə mənbələrindən müdaxiləyə və arzuedilməz təsirlərə məruz qala bilər. Çətinliklərin abunəçilərin istifadəsində olan cihazlardan qaynaqlanması halına da kifayət qədər tez-tez rast gəlinir. Quba rayonunun Girdah, Zıxır və Dalıqaya kəndləri və ətraf ərazilərdə mobil rabitə şəbəkəsinin keyfiyyətinin daha da yüksəldilməsi üçün texniki imkanlar mühəndislərimiz tərəfindən araşdırılılıb. Nəticədə “Azercell Telekom” MMC-nin Azərbaycanın şəhər və rayonlarını mobil rabitə şəbəkəsi ilə təmin etmə üzrə texniki və inzibati mərhələlərdən ibarət planına uyğun olaraq, növbəti mərhələlərdə həmin ərazidə mobil rabitə şəbəkəsinin keyfiyyətinin daha da artmasını təmin edəcək avadanlıq qurulması nəzərdə tutulub”.
"Nar"dan isə problemə münasibət bildirərkən qeyd ediblər ki: "Hər bir abunəçisini yüksəkkeyfiyyətli şəbəkə və mobil internetlə təmin etməyi hədəfləyən “Nar”, paytaxtla yanaşı, Azərbaycanın bölgələrində də mobil şəbəkəsini genişləndirməkdədir. Aparılan şəbəkə təkmilləşmə işlərinin nəticəsi olaraq, 53 bölgə mərkəzi 4G şəbəkəsi ilə təmin edilib. Hazırda “Nar”ın 3G şəbəkəsi ölkə əhalisinin 97,6%-ni, 4G şəbəksi isə 88%-ni əhatə edir.
Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etmək mobil operatorun qarşıya qoyduğu əsas hədəflərdən biridir. Qubanın qeyd edilən ucqar kəndlərində mobil şəbəkənin artırılmasını mobil operator diqqət mərkəzində saxlayacaq".