Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-14-də sərhəddə törətdiyi təxribatların qarşısını alarkən qəhrəman Azərbaycan Ordusunun hərbçiləri arasında şəhidlik zirvəsinə ucalanlar, eyni zamanda, yaralananlar var.
"Report"un əməkdaşları Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında yaralılara baş çəkib.
Burada təminat dünya standartlarına tam cavab verir və hərbi qulluqçularımıza yüksək səviyyədə tibbi xidmət göstərilir. Hospital ən müasir avadanlıqlarla təchiz edilib, peşəkar tibbi personal yaralıların qayğısını çəkir.
Azərbaycan Ordusunun əsgəri İlknur Əliyev bildirib ki, düşmən təxribatının qarşısını alarkən xəsarət alıb: “Həmin vaxt öz mövqelərimizdə idik. Sentyabr ayının 12-si gecə həyəcan siqnalı verildi və bildirildi ki, Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlara əl atıb. Biz də təxribatların qarşısının alınması üçün əks-hücuma keçib qarşı tərəfə lazımi cavab verdik. Kəlbəcər istiqamətində yaralandım, hazırda vəziyyətim qənaətbəxşdir”.
Azərbaycan Ordusunun digər hərbi qulluqçusu Tələt Nəsirov deyib ki, ordumuz tərəfindən Kəlbəcər rayonunun Zod kəndi istiqamətində düşmən təxribatlarının qarşısı alınarkən xəsarət alıb: “Sentyabrın 12-si gecə idi, ermənilərin təxribatının qarşısını almaq üçün həyəcan siqnalı verildi. Döyüş yoldaşlarımızla birlikdə mövqelərimizdə möhkəmlənib onlara layiqli cavab verdik. Ermənilər bilsin ki, onların istənilən təxribatının qarşısını almaq üçün Azərbaycanın bizim kimi mərd oğulları var”.
Azərbaycan Ordusunun hərbi qulluqçusu Əmrah Əliyev söyləyib ki, Kəlbəcər-Daşkəsən istiqamətlərində gedən döyüşlərdə düşmənin snayper gülləsinə tuş gələrək göbək nahiyəsindən yaralanıb, hazırda vəziyyəti yaxşıdır: “Həkimlər sağ olsun, burada bizə xüsusi qayğı ilə yanaşırlar. Tezliklə sağalacağımızdan əminik, çünki həkimlərimizin necə bacarıqlı olduğunu və bizə can yandırdığını görürük”.
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Kliniki Hospitalının göz bölməsinin rəisi, polkovnik-leytenant Səlahəddin Təhməzov deyib ki, istər Aprel döyüşlərində, istər Vətən müharibəsində, eyni zamanda “Qisas” və “Qətiyyətli” cavab əməliyyatları dövründə də hərbi tibbimiz gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərib. Onun sözlərinə görə, Ali Baş Komandan, Prezident İlham Əliyevin, Müdafiə Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, hərbi tibb xidmətinin bütün personalı daima hərbi qulluqçularımızın yanında və xidmətində olur.
S.Təhməzov bildirib ki, hazırda hospitalda yüngül, orta və ağır vəziyyətdə olan yaralılar müalicə alır: “Hər birinə peşəkar həkimlərimiz tərəfindən xüsusi diqqətlə yanaşılır. Həkimlərimiz, eləcə də bütün tibbi personal yaralılara öz doğmaları kimi münasibət göstərir. Hospitalımız müasir avadanlıqlarla tam təchiz olunub və bütün lazımi dərman preparatlarımız mövcuddur. Burada həmçinin Qan bankı bölməsi fəaliyyət göstərir və kifayət qədər qan ehtiyatı var. Əgər ehtiyac yaranarsa, tam təmin olunacaq. Ordumuzda qan komponentləri ehtiyatı ilə bağlı heç bir problem yoxdur. Hərbçilərimiz yaralı olmalarına baxmayaraq, çox pozitivdir, mənəvi-psixoloji vəziyyətləri yüksəkdir, hamısı tezliklə sağalıb xidmət yerlərinə qayıtmaq arzusundadırlar. Əmin ola bilərsiniz ki, yaralılarımızın tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları və ailələrinə qovuşmaları üçün bütün tibb personalımız əlindən gələni artıqlaması ilə edir. Hər birinə Allahdan şəfa diləyirik”.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizdə və döyüş əməliyyatlarına yaxın yerlərdə modul tipli və səyyar səhra hospitalları yaradılıb. Sentyabrın 12-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin geniş miqyaslı təxribatlar törətməsi xəbəri alındıqdan dərhal sonra həmin əraziyə tibbi avadanlıqlar və həkim personalı göndərilib və hər istiqamətdə modul tipli hospital yaradılıb. Sentyabrın 13-də artıq həmin tibb müəsisələri tam gücü ilə fəaliyyət göstərib. Döyüş toqquşmasında və cavab əməliyyatları zamanı döyüş meydanından çıxarılan yaralılar təcili olaraq həmin tibb müəsisələrinə təxliyə edilib.
Orada ilkin diaqnozlar qoyulduqdan və ilkin tibbi yardım göstərildikdən sonra yaralılarımız digər tibb müəssisələrinə hərbi təxliyə olunub. Burada da lazımı tibbi yardım göstərilib, müayinə və müalicə prosedurları həyata keçirlib. Bundan sonra isə zərurət yarandıqda daha ixtisaslı tibbi xidmət və reabilitasiya prosesi üçün bəzi yaralılar Bakı şəhərindəki hərbi hospitala göndərilib.
Qeyd edək ki, sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu şəhid olub, 281-i yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 281 hərbi qulluqçudan 43 nəfəri ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıdıb, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 20 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Azərbaycanla sərhəddə toqquşmalar nəticəsində Ermənistan silahlı qüvvələrinin 207 hərbçisi ölüb, 293 nəfər yaralanıb, 20 hərbçi əsir, 2 nəfər isə itkin düşüb.
Foto: Samirə Həsənova