Qazaxıstanla Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.
"Report"un xəbərinə görə, bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayevlə Bakıda işgüzar səfərdə olan Qazaxıstanın müdafiə nazirinin müavini Bakıtbek Sıdıkov və tikinti nazirinin müavini Azamat Beyspekov arasında görüş zamanı müzakirə aparılıb.
Nazir Prezident İlham Əliyevin müdafiə sənayesi sahəsinə göstərdiyi xüsusi diqqətdən, ölkəmizdə bu sahənin sürətli inkişafından bəhs edib.
V.Mustafayev qardaş türk xalqları arasında bir çox istiqamətlərlə yanaşı, müdafiə sənayesi sahəsində də əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.
Qazaxıstan rəsmiləri isə müdafiə sənayesi sahəsində Azərbaycanla ikitərəfli əlaqələrin bundan sonra daha da uğurla inkişaf etdiriləcəyindən əmin olduqlarını qeyd ediblər.
Görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, işgüzar səfərlərin təşkil edilməsi, müəssisələr arasında əlaqələrin gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb.