Bakı. 5 aprel.
"Report" xəbər verir ki, dövləti başçısı cəbhənin təmas xəttində gedən döyüşlərdə yaralanan hərbçilərlə görüşdü.
Müdafiə naziri Zakir Həsənov bildirdi ki, cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla döyüşən və yaralanan hərbçilərin bir hissəsi müalicə olunmaq üçün bu hərbi hospitala gətirilib. Hazırda onların müalicəsi istiqamətində zəruri tədbirlər görülür. Hospitalın tibb heyəti onların tezliklə sağlamlıqlarına qovuşmaları üçün gecə-gündüz əllərindən gələni edirlər.
Sonra Prezident İlham Əliyev şəhid ailələrinin və yaralıların yaxınlarının bir qrupu ilə görüşdü.
Ali Baş Komandanı yaralı hərbçilərlə görüşdə deyib: "Salamlayıram, minnətdarlığımı bildirmək istəyirəm. Vətən uğrunda, torpaq uğrunda qəhrəmancasına vuruşmusunuz. Vətəni qorumusuz, ərazi bütövlüyünü qorumusuz. Azərbaycan xalqı siznən fəxr edir. Döyüşlərdə yaralanmısız, ancaq qələbəni qazanmısız. Siz torpaqların azad edilməsi üçün artıq nə lazımdır eləmisiniz. Azərbaycan ordusu düşmənə layiqli cavab verib, düşmən təxribatının qarşısını aldı və təmas xəttində yaranmış vəziyyət onu göstərir ki, doğrudan da Azərbaycan ordusu, Azərbaycan əsgəri, zabiti böyük işlərə qadirdir, qəhrəmandır".





















