"Ötən illərdə olduğu kimi, bu ilin keçən dövrü ərzində də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmuş, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əməkdaşlar əzmlə çalışıb. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də, işçilərin peşəkarlığı və zəhməti sayəsində ötən səkkiz ay ərzində qeydə alınmış cinayətlərin 99%-i açılıb".
"Report" xəbər verir ki, bunu Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.
"Xüsusi vurğulanmalıdır ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrdə aparılmış köklü islahatlar və görülmüş nəhəng işlər, eləcə də Azərbaycan Ordusu və başqa silahlı birləşmələrlə Hərbi Prokurorluğun birgə səmərəli fəaliyyəti son illər ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən digər cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması, fərarilik cinayətinin isə demək olar ki, kökünün kəsilməsi ilə nəticələnib. Bu uğurlu tendensiya davam edir.
Misal üçün, 2020-ci ilin 8 ayı ilə müqayisədə 2021-ci ilin müvafiq dövründə qeydə alınmış vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 26,7 %, qulluğa səhlənkar yanaşma cinayətləri 11,1 %, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 53,2 % və hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 48,3 % azalıb", - Hərbi prokuror əlavə edib.