Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başladı

Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başladı Xidməti fəaliyyətində yüksək nəticələr göstər­ən hərbi qulluqçular təltif olunublar
Hərbi
1 Aprel , 2021 14:15
Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başladı

Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edildikdən və Ermə­nis­tan Respublikası ilə dövlət sərhədləri işğaldan azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti Silah­lı Qüvvələrin Mü­zəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən bu ərazilərdə sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən "Report"a bildirilib ki, aprel ayının 1-də Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bununla əlaqədar təşkil olunan mərasimdə DSX rəisinin birinci müavini general-leytenant Rəşad Sadiqov çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Çıxışda Vətən müharibəsində düşmən üzərində tarixi qələbə­nin əldə olunmasında Azərbaycan sərhədçi­lə­ri­nin şərəflə iştirak etmələri və qarşıya qoyulan döyüş tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirmələri, dövlət sərhədlərimizin işğaldan azad olunmasından sonra qısa müddət ərzində bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyə­də təşkilinin böyük əhəmiy­yət kəsb etməsi qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dövlət sər­həd­ləri­mizin mühafizəsinə göstərdiyi yüksək etimadı doğrultmaq üçün səy və bacarıqlarını əsirgəməyən Azərbaycan sərhədçilərinin düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığının təmin edilməsi vəzifəsinin öhdəsindən də layi­qin­cə gələcəklərinə əminlik ifadə olunub.

Yeni hərbi hissə kompleksinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olub, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana kompleksinə, anbar, silah və texniki vasitə­lərə, avtomobil texnikasına baxış keçiriblər. Kompleks daimi işıq və istilik sistemi, zəruri avadanlıqlar, mebel və məişət əşyaları ilə təmin edilib.

Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstər­ən hərbi qulluqçular təltif olunublar.

Son xəbərlər

Orphus sistemi